Şeyxülislam həzrətlərinin "Dinlərarası və Sivilizasiyalararası Dialoqdan Əməkdaşlığa Doğru" adlı konfransdakı çıxışı

 
 
05.03.2019
O Bir Olan Yaradanımızın adı ilə!
Möhtərəm konfrans iştirakçıları!
Dəyərli qonaqlar!
 
          Sizin hamınıza Azərbaycana xoş gəlmisiniz deyir, O Bir Olan Yaradanımızdan hər birinizə xeyir-dualar diləyirəm. Milli Məclisin vitse-spikeri Bahar xanım Muradovanı, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmisi cənab Etibar Nəcəfovu, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlını, Milli Məclisin Komitə sədri Səyavuş Novruzovu, hörmətli millət vəkillərini, Azərbaycandakı dini konfessiya rəhbərlərini, Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylini, tanınmış elm, din, ictimaiyyət xadimlərini və özəlliklə, ABŞ-ın Etnik Anlaşma Fondunun rəhbəri Mark Şnayerin rəhbərliyi ilə ölkəmizə təşrif buyurmuş nümayəndə heyətinin hər bir üzvünü salamlayır, bugünkü qardaşlıq məclisimizə uğurlar diləyirəm.
 
 
           Azərbaycanda miili və bəşəri  dəyərlərə hər zaman böyük önəm verilmişdir. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Bu bizim qürur mənbəyimizdir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur və hal-hazırda yüksək səviyyədə davam və  inkişaf etdirilir. Zati-aliləri Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifidir. Ölkəmiz artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən, Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilmişdir.
 
 
           Zati-aliləri Prezident İlham Əliyev həzrətlərinin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təblığində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli və bəşəri dəyərlərə dünya miqyasında ali himayəsi ən yüksək qiymətə layiqdir.
 
 
      
           Müxtəlif mədəniyyətlərin bir arada olması Rəbbimizin istəyidir və biz, din xadimləri bu həqiqəti sizlərə çatdırmalıyıq. Allah-Təala müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur:
 
 
 
 
«Biz sizi bir kişi və bir qadından yaratdıq, sonra bir-birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Allahın nəzərində ən üstün olanınız Onun buyurduqlarına əməl edəninizdir» (Hucurat, 13) . 
 
           Beləliklə, Uca Yaradanımızın Lütfü olan bu müxtəliflik bizim parçalanmağımıza deyil, bir-birimizi daha yaxşı dərk etməyimizə və O Bir Olan Yaradanımıza həmd-sənamıza xidmət etməlidir.
 
         Müasir Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, dini abidələrə — məscidlərlə yanaşı xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin mövcud olduğu nümunəvi məkandır. Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir.
 
          Allahın yaratdığı ən böyük dəyər insan həyatıdır və onun xilası üçün müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramı zəruridir. Lakin çox təəssüflər olsun ki, hazırda dünyamızda humanitar fəlakətlər, insan qırğını, miqrant böhranı kimi hallar gündəmdədir. 20 faiz torpağı erməni ekstremistləri tərəfindən işgal olunmuş, bir milyondan artıq soydaşı qaçqın-məcburi köçkün taleyi yaşamağa məcbur olan, Xocalı soyqırımına məruz qalmış Azərbaycan xalqı ən ağrılı problemimiz olan Qarabağ münaqişəsinin müharibə yolu ilə deyil, beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır. 
 
            Hörmətli konfrans iştirakçıları! Bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması probleminin həllində, habelə terrorizm, islamofobiya, antisemitizm, ekstremizm və radikalizmin önlənməsində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığı vacibdir. Konfessiyalararası anlaşma, dinlərarası dialoq, müxtəlif din xadimlərinin əməkdaşlığı — milyonlarla insan üçün ən gözəl örnəkdir. Məzhəbindən asılı olmayaraq bölgə müsəlmanlarının tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi dinlərarası dialoq sahəsində malik olduğu təcrübəni məhz bu istiqamətdə davam və inkişaf etdirir. QMİ nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin fəaliyyəti məhz bu mərama xidmət edir. Bugünkü tədbirdə iştirak edən Azərbaycan xalqının dostu, Azərbaycan həqiqətlərini, Qarabağ reallıqlarını dünya müstəvisində yayan, təbliğ edən qardaşımız cənab Mark Şnayer QMİ nəzdində Bakı Beynəlxalq Dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin fəal üzvü, Himayədarlar Şurasının tərkibində təmsil olunan mötəbər şəxsdir. Onu hər dəfə Azərbaycanda görmək bizim üçün xoşdur.
        
           Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi bütün bu uğurlarımıza rəvac verən məqamlardandır. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə dini mərkəz arasında əməkdaşlıq öz bəhrəsini verir və bugünkü müştərək tədbirimiz bu səmərəli işbirliyinin bariz nümunəsidir.
 
          Dini lider olaraq, mən Azərbaycanda keçirilən bugünkü beynəlxalq tədbirə öz xeyir-dualarımı yetirir, konfransın işinə uğurlar diləyirəm.
 
           Qoy Uca Yaradan bugünkü xoşməramlı tədbirin işinə rəvac versin! AMİN!
 

*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 459