Şəbnəm mədrəsəsində Xocalı soyqırımı günü anıldı

 
26.02.2019
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı hadisədir. Nəinki respublika daxilində, eyni zamanda dünyanın bir çox ölkələrində qeyd olunan bu faciəmiz xalqımızın üzləşdiyi ədalətsizlik və vəhşiliyin ən bariz sübutudur. Şəbnəm (qızlar) İslam Kollecində bu münasibətlə tədbir keçirildi.  Tədbir ənənəvi olaraq himnimizin ifası ilə başladı, şəhidlərimizin  ruhu bir dəqiqəlik sükutla yad edildi, onların ruhuna Qurani-Kərim oxundu. Xocalı faciəsi haqqında məlumatlar verildikdən sonra o hadisələri əks etdirən video çarx nümayiş etdirildi. Tələbələrin təqdimatında əsirlikdə olanlara qarşı vəhşi erməni davranışı və zülmə məruz qalmış qadın və uşaqların keçirdikləri məşəqqətləri sərgiləyən səhnəcik təqdim olundu. Ağır səhnənin təsiri altında Xocalı şəhərindən olan, o dəhşətləri yaşayan, o vəhşilik və genosidə şahid olan kollecin müəllimi i.f.d Sevinc Aslan çıxış edərək bildirdi ki, “Bu, azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır. Azərbaycan Milli Məclisi fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsinin ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz”.
Daha sonra tələbələrin ifasında Xocalıya həsr olunmuş şeirlər səsləndirildi. Tədbir Ulu öndər Heydər Əliyevin  Xocalı soqırımı haqda çıxışı və Cənab İlham Əliyevin Xocalı abidəsi önündə faciə qurbanlarinı yad etmə mərasimindən fraqmentlər göstərilərək yekunlaşdı.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 281