QMİ-nin bölgə Qazısı hesabat verdi

 
07.02.2019
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin tapşırığına əsasən regionlarda din xadimləri ilə görüşlər keçirilir, Qazı və səlahiyyətli nümayəndələrin hesabatları dinlənilir, bölgələrdə fəaliyyət göstərən imamların problemləri öyrənilir.
Fevralın 7-də belə bir görüş Sumqayıt “Cümə” məscidində təşkil olunub. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin, böyük din alimlərinin ruhları ehtiramla yad olunub. QMİ-nin Abşeron-Sumqayıt-Xızı bölgəsi üzrə Qazısı Rauf Sərdarovun hesabatı dinlənilib. Qazılar Şurasının üzvi bildirib ki, bölgə dindarları Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması sahəsində gördüyü işləri, məscid və ziyarətgahlarımızın təmir-bərpa edilərək yenidən inanclı insanların ixtiyarına verilməsi ilə bağlı həyata keçirdiyi tədbirləri həmişə yüksək dəyərləndiriblər. Bildirib ki, Sumqayıt “Cümə” məscidi də dövlət başçısının tapşırığına əsasən yenidən qurulub, bərpadan sonrakı açılış mərasimində Prezident İlham Əliyev  şəxsən iştirak edərək xeyir-duasını verib.
Qazı Rauf Sərdarovun sözlərinə görə, bölgə dindarları ölkənin ictimai həyatında fəal iştirak ediblər, rəsmi bayramlar və dini baxımdan əhəmiyyətli tarixi hadisələr icmalarda geniş şəkildə qeyd olunub. Sumqayıt “Cümə” məscidində mütəmadi olaraq xeyriyyə aksiyaları keçirilib, şəhid ailələrinə, aztəminatlı insanlara yardım göstərilib, ehsanlar verilib. Gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılıb, bununla  bağlı müxtəlif tədbirlər, müzakirələr təşkil edilib. Həmçinin bölgədəki qədim məscidlərin, dini abidələrin təbliği və tanıdılması istiqamətində sosial şəbəkələrdə kampaniya aparılıb. QMİ sədrinin əmrinə əsasən məscidlərdə Quran kurslarının açıldığını qeyd edən bölgə Qazısı bu istiqamətdə işlərin davam etdirildiyini də diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Müfti Salman Musayev çıxış edərək bildirib ki, din xadimləri müstəqil dövlətimizin vətəndaşları kimi ölkənin ictimai   həyatında daim fəallıq göstərir, sabitlik və inkişafın davamlı olması, dövlətimizin daha da qüdrətlənməsi üçün səylərini əsirgəmirlər. Onlar həmişə Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin göstərişi ilə məscidlərdə çalışan din xadimlərinə maddi yardım göstərilməsi, qədim ibadət ocaqlarının bərpa edilməsi, yenilərinin inşası dövlət başçısının diqqətinin bariz nümunəsidir. Din xadimlərimiz də öz növbəsində moizə və xütbələrində vətəndaş həmrəyliyi, milli birlik və vəhdətlə bağlı mövzulara diqqət ayırırlar. Ölkə rəhbərinə dindarlar adından minnətdarlığını bildirən Müfti bölgədəki din xadimlərinin bu qayğıya əməli fəaliyyətləri ilə töhfə verəcəklərinə inandığını ifadə edib. Din xadimlərinə öz işlərini yerli icra hakimiyyətləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə daha səmərəli qurmaq üçün müvafiq tapşırıqlar verib. QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin son günlər müxtəlif xarici ölkələrdə iştirak etdiyi beynəlxalq konfrans və keçirdiyi rəsmi görüşlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. 
QMİ-nin Aparat rəhbəri Simran Həsənov “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliklər, dini icmaların və Quran kurslarının fəaliyyətini təmin etmək üçün tələb olunan sənədlər barədə məlumat verib. İşin gününün tələbləri səviyyəsində qurulması və şəffaflığın təmin edilməsi ilə bağlı QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin əmr və tövsiyələrini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Sonda müzakirə olunan məsələlər barədə fikir mübadiləsi aparılıb, bölgədəki din xadimlərinin üzləşdikləri problemlər öyrənilib, təkliflər dinlənilib, belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunub.
 

*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1918