Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələr inkişaf edir

 
17.01.2019
Yanvarın 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiyanın İslam Əməkdaşlıq Təşkilatında (İƏT) daimi nümayəndəsi Ramazan Abdulatipovla görüşüb.
 
Görüşdə Allahşükür Paşazadə Ramazan Abdulatipovun Rusiyanın İƏT-də daimi nümayəndəsi seçilməsinin önəmli hadisə olduğunu deyib. Bildirib ki, İƏT-də Azərbaycana olan münasibət, xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən sənədlər məmnunluq hissi doğurur. “İslam Əməkdaşlıq Təşkilatı kimi böyük bir qurumda sizin kimi bir siyasətçinin olması vacibdir. Qafqaz Müsəlmanları İdarəsi olaraq sizə həmişə hər cür dəstək verməyə hazırıq”, - deyə QMİ sədri qeyd edib.
 
Rusiyanın İƏT-də daimi nümayəndəsi Ramazan Abdulatipov Azərbaycana səfərindən və bu görüşdən məmnun olduğunu bildirib. O, Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələri qeyd edib. Vurğulayıb ki, müqəddəs Qurani-Kərimdə də təkcə müsəlmanlar arasında deyil, bütün dinlərin nümayəndələri arasında əməkdaşlığa çağırış var.
 
R.Abdulatipov qeyd edib ki, Rusiya xristian ölkəsi olmasına baxmayaraq, burada 20 milyona yaxın müsəlman yaşayır. Rusiya İƏT-in müşahidəçisi seçilib. Bu təşkilatla Azərbaycan arasında yaxşı əməkdaşlıq mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev İƏT-lə əməkdaşlığa böyük önəm verir və əlaqələrin möhkəmlənməsi üçün mühüm işlər görüb. Qafqaz Müsəlmanları İdarəsi də öz növbəsində, bu əməkdaşlığın inkişafı üçün töhfələrini verir.
 
Görüşdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein də iştirak ediblər.
 

Oxunub : 1175