Berlin konfransı iştirakçılarından məktublar

 12.12.2018
 
Noyabrın 19-da Berlin şəhərində Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin (BDSƏM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Berlin Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarından BDSƏM katibliyinə təbrik və təşəkkür məktubları daxil olub.
 
SESCO baş katibi Dr. Əbdüləziz Əl Tüveyciri:
 
“Berlin konfransı hər baxımdan böyük uğurla keçdi. Bu, Allah Taaladan sonra, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dialoq mövzusuna böyük diqqət yetirməsinin və böyük önəm verməsinin, eləcə də Azərbaycanın dünyada xalqlar arasında dialoq, əməkdaşlıq və sülh carçısı mövqeyinin bəhrəsidir.
Konfransın uğuru, həmçinin, Şeyxülislam Allahşükür Paşazadənin konfrans iştirakçıları nəzdindəki böyük nüfuz və ehtiramı, eləcə də onun konfransın işinə bilavasitə rəhbərlik etməsi sayəsində mümkün olmuşdur.“
 
İRCİCA Baş Direktoru Halit Eren:
 
“Bu konfrans öz təşkilatçılığı, iştirak edən şəxsiyyətlər, müxtəlif sahələr üzrə mütəxəssislər, müzakirə olunan mövzular baxımından olduqca böyük önəm kəsb edir. Konfrans dinlərarası dialoqun və xoş məramın bərqərar olunmasında, konstruktiv əməkdaşlıq üçün əhəmiyyətini nümayiş etdirmişdir.
Bununla yanaşı, konfransın uğurla başa çatması möhtərəm prezident İlham Əliyevin bu sahədəki liderliyi, multikulturalizmə və dinlərarası dialoqa verdiyi önəmi də açıq-aşkar nümayiş etdirmişdir.”

 
KAICIID Beynəlxalq dinlərarası dialoq mərkəzinin Baş Direktoru Fahad Abualnasr:
 
“Sizi və Azərbaycanın Almaniyadakı səfirliyini dünyanın bütün bölgələrindən nüfuzlu iştirakçıları bir araya gətirən bu konfransın uğurla başa çatması münasibətilə təbrik edirəm. Sizə bu forumun mükəmməl şəkildə təşkil edilməsinə və aparılan səmərəli fikir mübadiləsinə görə təşəkkür edirəm.
Azərbaycan prezidenti, Zati-Aliləri İlham Əliyevə və Azərbaycan dövlətinə dinlərarası dialoq və əməkdaşlıq mövzusunda keçirilən bu önəmli tədbirə görə öz səmimi təşəkkürlərimi yetirirəm.”
 
Küveyt Əmirinin müşaviri, İslam Xeyriyyəçilik təşkilatının prezidenti, BMT Baş katibinin xüsusi işlər üzrə müşaviri Dr. Abdulla Əl Mətuq:
 
“Fürsətdən istifadə edərək, Azərbaycan hökumətinə, şəxsən Zati-Aliləri Prezident İlham Əliyev cənablarına öz böyük təqdir və minnətdarlığımızı, eləcə də təşkilat komitəsinə və konfransın uğurla keçməsi üçün böyük əmək vermiş əməkdaşlarınıza təşəkkürlərimizi ifadə edirik.
Allah Taala bizi həmişə xeyir işlərdə birləşdirsin.”
 
Moskva və Bütün Rusiya Patriarxı Kirilin xüsusi nümayəndəsi, Moskva patriarxlığının Xarici kilsələrarası əlaqələr şöbəsinin sədr müavini Arximandrit Filaret:
 
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Bakı Dinlər və Sivilizasiyalar arası əməkdaşlıq mərkəzinin bu təşəbbüsü Azərbaycanın tarix boyu qazanmış olduğu müxtəlif dinlərin və xalqların nümayəndələri arasında xoşməramlı qarşılıqlı əməkdaşlığın zəngin təcrübəsini bir daha nümayiş etdirdi. Konfransda iştirak edən müxtəlif ölkələrin nümayəndələri Azərbaycanın yüksək beynəlxalq nüfuzu sayəsində mümkün olmuş dialoq prosesinin davam etdirilməsinin əhəmiyyətini və vacibliyini dəfələrlə qeyd etdilər.”
 
Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının İslam bürosunun başçısı Monsinyor Xaled Akaşe:
 
“Zati-aliləri cənab Prezident Əliyev və Azərbaycan hökuməti dinlərarası dialoq prosesinə güclü dəstək verir, lakin bunu məzmununa müdaxilə etmədən, dini liderlərin məsuliyyətinə tərk edərək edir; bütün dini icmalara bərabər səviyyədə mənəvi və maddi dəstək verir. Məsələn, hökumət kiçik bir dini icmaya layiqli bir ibadət yeri qurmaq üçün torpaq sahəsi ayırdı və kilsə tikmək üçün maddi yardım etdi. Təqdirəlayiq başqa bir məqam da odur ki, müsəlmanların əksəriyyətdə olan bir ölkədə müsəlman icmasının lideri isə bu ölkədə kilsə tikmək üçün həmçinin maddi yardım etdi. Və bütün bunlar Azərbaycanda baş verir.”
 
Tunisin sabiq prezidenti Məhəmməd Munsif Əl Mərzuqi:
 
“İlk öncə, Qardaş Azərbaycan dövləti, şəxsən cənab Prezident İlham Əliyev tərəfindən güclü dəstək almış dinlərarası əməkdaşlıq konfransına məni dəvət etdiyinizə görə sizə öz təşəkkürümü bildirirəm.
Bu, Azərbaycan dövlətinin dini radikalizmin baş qaldırdığı vaxt, terrorçu qrupların əməlləri nəticəsində müsəlmanlara və  müqəddəs İslam dininə zərər dəyən bir mühitdə, olduqca həssas və təhlükəli olan sahədə gördüyü işlərlə tanış olmaq üçün dəyərli bir fürsət oldu.”
 
Beynəlxalq Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer:
 
“Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri İlham Əliyev cənablarının himayədarlığı altında keçirilən Berlin konfransı böyük uğurla nəticələnərək, Azərbaycanın dünyada dinlərarası dialoq və multikulturalizm ideyalarını dünya miqyasında təbliğ etmə prosesinə illər boyu öncülük etməsini təsirli bir şəkildə nümayiş etdirmişdir. Dinlər və sivilizasiyalar arası dialoqdan əməkdaşlığa doğru mövzusundakı tədbirin Holokost və Kristalnaxt ilə hafizələrdə həkk olunan bir məkanda – Berlində keçirilməsi, burada 400-dən artıq dini liderin bir araya gəlməsi dialoqu möhkəm əməkdaşlığa çevirmək kimi mühüm çağırış etmək üçün olduqca simvolik məna daşıyır.”
 
Türkiyə Diyanət İşləri Başqanının müavini Səlim Argun:
 
“Böyük uğurla nəticələnən Berlin konfransı Azərbaycanın iqtisadi, sənaye və sosial sahələrdə inkişaf etməsi ilə yanaşı, dünyada sülhə və əməkdaşlığa verdiyi töhfənin bariz nümunəsidir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyev cənablarının müdrik siyasətinin nə qədər uzaqgörən olduğunu bir daha nümayiş etdirdi. İnanıram ki, möhtərəm Prezidentin ideyaları bir çox ölkəyə örnək olacaq və dünyada sülhün bərqərar olmasına öz mühüm töhfəsini verəcəkdir.”
 
Gürcüstan Patriarxiyası Xarici əlaqələr şöbəsinin sədri mitropolit Gerasim:
 
“Berlin konfransı dünyada müsbət əks-səda doğurmuşdur. Onun nəticələri nəinki regionumuz üçün, eləcə də bütün dünya üçün önəmli olacaqdır. Azərbaycan Respublikası dünyada dinlər və sivilizasiyalar arası dialoqa öncülük etməkdədir. Bu, Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev cənablarının verdiyi böyük töhfələrin və onun göstərdiyi şəxsi nümunənin nəticəsidir.”
 
Avropa-Türk Müsəlman Birliyinin prezidenti Musa Sərdar Çələbi:
 
“Cənab Prezident İlham Əliyevin himayəsi altında Berlində böyük uğurla keçirilmiş “Mədəniyyətlər arası dialoqdan əməkdaşlığa” mövzusundakı konfransla əlaqədar sizə bir müsəlman və türk olaraq öz minnətdarlığımı bildirmək istəyirəm.
Berlin konfransında iştirak edən dini liderlərin dəfələrlə ifadə etdikləri kimi, şübhəsiz, Azərbaycanda müxtəlif etnoslara və dinlərə aid insanların azad və təhlükəsiz mühitdə yaşamaqları ölkənizin Ümummilli Lideri Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyev həzrətlərinin əsəridir. Bu, hamımızın qürur mənbəyidir. Təbii ki, ən böyük təşəkkürümüz Prezident İlham Əliyev həzrətlərinədir.”
 
Dr. Usama Əl Əbd - Misir Parlamentinin Dini işlər üzrə komitəsinin sədri, Əl Əzhər Universitetinin sabiq rektoru:
 
“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının himayəsi ilə keçən Berlin konfransı dinlərarası dialoqu konstruktiv əməkdaşlığa doğru inkişaf etdirməyə, dünyada sülhə çağıran uğurlu bir konfrans oldu.
Qardaş Azərbaycan dövləti dünyada sülh uğrunda səylərin ön cərgəsində yer alır. Münaqişələri dayandırmaq, insanları barışdırmağa çağıran Berlin konfransının vaxtı və yeri olduqca dəqiq və düzgün seçilib. Bu konfransı keçirməkdə Şeyxülislam həzrətlərinin rolu böyükdür. Konfransın təşkilatçılığı mükəmməl, çıxış edənlərin sülhə çağırışları səmimi idi.”
 
KAICIID Beynəlxalq dinlərarası dialoq mərkəzinin Direktorlar Şurasının
üzvü Dr. Məhəmməd Sammak:
 
“Dini liderlərin, müxtəlif əqidə və mədəniyyətləri təmsil edən xadimlərin bu konfransda iştirak etmələri və burada öz fikir töhfələrini təqdim etmələri Azərbaycanın nəinki həmin əqidə və mədəniyyətlərinin qütbləşməsinin qarşısını almaqda, eləcə də onları vahid ümumbəşəri ideya ətrafında toplamaqda qüdrətini real olaraq nümayiş etdirmişdir. Bütün bunlar şeyxülislamın nüfuzunun, ona qarşı duyulan ehtiramın, xüsusilə də Azərbaycanı dünyada dialoq məkanına, dünya dövlətləri, müxtəlif dinlər və mədəniyyətlər  arasında körpüyə çevirən, Azərbaycan dövlətinin dünyada tutduğu yüksək mövqeni təmin edən Azərbaycan Prezidenti İlham Əliyev cənablarının müdrik siyasətinin sayəsində mümkün olmuşdur.”
 
Çernoqoriya baş müftisi Rifat Feyziç:
 
“Azərbaycan Respublikasının Prezidenti çox hörmətli İlham Əliyev cənablarının himayəsi altında keçirilən “Dinlər və Sivilizasiyalar arası dialoqdan əməkdaşlığa” konfransı, Allaha min həmd-səna olsun ki, faydalı və uğurlu şəkildə başa çatdı.
Xüsusilə Azərbaycan Respublikasının Prezidenti, çox hörmətli İlham Əliyev cənablarına başçılıq etdiyim qurum adından, bütün Çernoqoriya müsəlmanları adından və şəxsən öz adımdan təşəkkür edirəm.
Zati-Alilərinin Azərbaycanın hər sahədə dirçəlməsində, irəliləməsində və güclü olmasında əsas rolunun olduğuna biz də şahid oluruq və bir müsəlman olaraq bununla fəxr edirik, Allaha dua edirik ki, ona güc, qüvvət, can sağlığı və uzun ömür versin.”
 
Ümumdünya Yevangelist Alyansının baş katibi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin (ISHR) beynəlxalq şurasının prezidenti Yepiskop Tomas Şirmaxer:
 
“Təşkilatçı Azərbaycan tərəfinin nümayiş etdirdiyi misli görülməmiş dostluq və qonaqpərvərlik, dünyanın hər tərəfindən təşrif buyurmuş bu qədər müxtəlif əqidə sahibi olan insanlar arasında dinlər və mədəniyyətlər arası dialoq və olduqca mühüm məsələlər ətrafında müzakirələr aparmaq üçün həqiqətən dəyərli və zəruri zəmin yaratmışdır.
Prezident İlham Əliyev cənablarına bu qədər insan, təşkilatlar, hətta ölkələrin bu dialoqa qatılmalarını təmin edən uzunmüddətli səylərinə görə, artıq neçə ildir ki, bunun kimi forumları təşkil edərək açıq dialoqu dəstəklədiyinə görə təşəkkür edirik”
 
Beynəlxalq İslam Missiyasının sədri Şafiq Pşixaçev:
 
“Azərbaycan multikulturalizm fenomeninin əsasında Azərbaycan xalqının müdrikliyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin, onun sadiq davamçısı Prezident İlham Heydər oğlu Əliyevin ilə Qafqaz Müsəlmanlarının lideri şeyxülislam Allahşükür Paşazadə arasındakı qarşılıqlı dəstək dayanır.
Azərbaycan cəmiyyətinin mənəvi vəziyyətinə böyük önəm verən, ibadət yerlərinin tikintisinə və bərpasına, respublikadakı bütün dini icmaların fəaliyyətinə maddi dəstək verən Azərbaycan Prezidenti İlham Əliyevin rolu və nüfuzu çox yüksəkdir.”
 
Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb regionu müsəlmanları ruhani idarəsinin sədri Ravil Pançeyev:
 
“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin şəxsi dəstəyi ilə, QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin İslam həmrəyliyinin, dinlərarası dialoqun, ənənəvi dəyərlərin möhkəmləndirilməsinin inkişafı istiqamətində apardığı sülhməramlı konstruktiv fəaliyyəti sayəsində buğun biz müxtəlif dini konfessiyaların və sivilizasiyaların nümayəndələri arasında dünyada sülh və əmin-amanlıq naminə fəal əməkdaşlığın şahidi oluruq.”
 
Ukrayna Pravoslav kilsəsinin beynəlxalq təşkilatlar nəzdində nümayəndəsi, Mitropolit Onufrinin şəxsi nümayəndəsi Yepiskop Barışevski:
 
“Beynəlxalq forum uzun illər boyu dinlərarası dialoqun inkişafı və möhkəmləndirilməsinə yönəldilmiş müxtəlif təşəbbüsləri həyata keçirən və dəstəkləyən Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dəstəyi ilə ən yüksək səviyyədə keçirildi.”
 

*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 412