QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə VI Bakı Beynəlxalq Humanitar Forumunun sessiyasında çıxış edib

 
 
25.10.2018
Oktyabrın 25-də Bakıda  VI Beynəlxalq Forumu öz işinə başlayıb. QMİ sədri,  Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumunun “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi” adlı sessiyasında çıxış edib. Çıxışının əvvəlində  QMİ sədri mötəbər tədbir iştirakçılarına və Forumun işinə xeyir-dua verib. Azərbaycanın müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam və inkişaf etdirdiyini qeyd edən Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı pravoslavların, katoliklərin, yəhudilərin və digər etiqad sahiblərinin əsrlər boyu bir ailə kimi yaşadıqlarını,  ibadət və mərasimlərini sərbəst şəkildə icra etdiklərini Forum iştirakçılarının diqqətinə çatdırıb. QMİ sədri Azərbaycanda etnik və dini müxtəlifliyin ölkəmizdə milli sərvət kimi dəyərləndirildiyini, burada siyasi iradənin böyük önəm daşıdığını xüsusilə vurğulayıb. Dövlət rəhbərliyinin bu sahədə müstəsna rolunu qeyd edib: “Dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifi, İslam mədəniyyətinin ümumbəşər əhəmiyyətinə, dinimizin sülhsevər mahiyyətinə yüksək dəyər verən dövlət başçımız İlham Əliyev həzrətləri 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin  ardınca “İslam həmrəyliyi ili”ni elan etməklə olduqca məntiqi və müdrik qərarlar vermişdir.  Zati-aliləri Prezident İlham Əliyev Azərbaycanı bu ideyaların mərkəzində duran bir ölkə kimi gündəmə gətirməklə, ölkəmizi qlobal miqyasda ümumbəşəri ideyaların carçısına çevirməklə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük bir siyasi-mənəvi nailiyyətə imza atmış oldu”.
Çıxışına davam edən Şeyxülislam həzrətləri qonaqların diqqətini ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş Qarabağ torpaqlarında dinc əhaliyə qarşı soyqırım siyasəti və davamlı terror aktlarının törədildiyini, bu səbəbdən də milyondan artıq qaçqın və məcburi köçkün probleminin yarandığını bir daha xatırladaraq, Azərbaycan dövlətinin buna baxmayaraq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə yenə də problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr etdiyini bildirib.  
            Daha sonra QMİ sədri deyib: “ Azərbaycan dünyaya multikulturalizm, İslam həmrəyliyi ideyalarını təqdim etmək qüdrəti olan dövlətə çevrilmişdir. Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın dünya miqyasında mədəni sahədə unikal fəaliyyəti, milli-mənəvi irsimizi ən yüksək səviyyədə təbliğlə yanaşı, ümumbəşəri dəyərlərə diqqət və himayəsi Azərbaycanı bu istiqamətdə söz sahibinə çevirmişdir”.
Forum iştirakçılarına Azərbaycan Respublikasında Multikulturalizm dəyərinə dövlət səviyyəsində verdiyi əhəmiyyətin bariz nümunələrindən biri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını, habelə, 2017-ci ilin dekabrında “İslam Həmrəyliyi İli”nə dair yekun Bakı konfransında dünyanın ehtiyac duyduğu multikulturalizm, tolerantlıq, birgəyaşayış ənənələrinin Azərbaycan modelinin öyrənilməsi və təcrübəmizin yayılması məqsədilə Konfrans iştirakçılarının  yekdil qərarı ilə Dinlər və Sivilizasiyalararası dialoq Mərkəzinin təsis olunduğunu misal gətirərək, QMİ sədri artıq Bakının dünyanın ənənəvi Humanitar Zirvə məkanına çevrildiyini demişdir.
            “Bəşəri əhəmiyyətli ideyaların dünyada davamlı təbliğinə dövlətimiz böyük önəm verir. Qafqaz Müsəlmanları İdarəsi olaraq biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Azərbaycanın uğurlu dinlərarası dialoq modelini İngiltərə, ABŞ, Almaniya, İsveç, Fransa, Finlandiya, İspaniya və digər ölkələrdə keçirdiyimiz mötəbər beynəlxalq konfranslarda uğurla təqdim etmişik. Bu yöndə işlər davamlı şəkildə gerçəkləşdirilir — cari il ərzində Şimali Qafqazda Qafqaz Xalqları Ali Dini Şurasının xəttilə keçirdiyimiz Konfransların ardınca, İspaniya Krallığı və Almaniyada Azərbaycanın tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliğinə dair mötəbər beynəlxalq tədbirlərimiz ərəfəsindəyik”-deyə, QMİ sədri qeyd edib.
            Çıxışın sonunda Şeyxülislam Allahşükür Paşazadə mötəbər tədbirə bir daha xeyir-dua verərək Uca Allahdan onun işinə uğurlar diləyib.
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 1428