Şeyxülislam həzrətləri Küveytli qonaqları qəbul etdi

 
21.09.2018
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan BMT sədrinin xüsusi müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri, dr. Abdulla Matuqu qəbul etdi.
Azərbaycan Parlamentinin yaranmasının 100 illiyinə həsr olunmuş yubiley tədbirlərinə təşrif buyurmuş qonaq Şeyxülislamla görüşdən hədsiz məmnun olduğunu bildirdi. Qonaq rəhbərlik etdiyi təşkilat xəttilə beynəlxalq miqyasda qaçqın, məcburi köçkünlərlə bağlı layihələr, xüsusilə, Türkiyədə məskunlaşmış suriyalı qaçqınların vəziyyətinin yaxşılaşdırılması yönündə görülən əməli işlər barədə Şeyxülislam A.Paşazadəyə məlumat verdi.
Qardaşlıq şəraitində keçən görüşdə Azərbaycanda dini-mənəvi sahədə görülən işlər barədə qonağı məlumatlandıran QMİ sədri, Azərbaycan dövlətinin İslam dünyası ilə əlaqələrə verdiyi önəm, Azərbaycan Prezidenti İlham Əliyevin qlobal miqyasda İslam həmrəyliyi ideyasınin təşəbbüskarı olması, islamofobiyaya qarşı hər zaman etiraz səsinin ucaltması barədə, habelə ölkəmizdə dini abidələrə, dindarların mənəvi ehtiyaclarının yüksək səviyyədə həyata keçirmələrinə dövlət səviyyəsində diqqət və qayğıdan bəhs etdi.
Şeyxülislam A. Paşazadə qonağa qarşıdan gələn aylarda QMİ tərəfindən keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar barədə məlumat verdi və həmin tədbirlərə dr. A. Matuqu dəvət etdiyini bildirdi. Dəvəti qəbul edən qonaq, öz növbəsində, Şeyxülislam A. Paşazadəni oktyabr ayında Küveytdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirə təşrif buyurmağa dəvət etdi.
Azərbaycanda elmi əsaslarla, Şamaxı Astrofizika Rəsədxanası ilə əməkdaşlıqda tərtib olunan təqvimlərə əsasən tərtib olunan hicri təqvimlər barədə Şeyxülislamın fikirlərini maraqla dinləyən qonaq bu təqvimləri etibarlı mənbə adlandıraraq, siyasi və dini amillərə deyil, elmə əsaslanan nümunəvi bir iş olduğunu xüsusi vurğuladı.
Səmimi qardaşlıq şəraitində keçən görüşdə əslən küveytli qonaqla Azərbaycan-Küveyt mənəvi əlaqələri barədə danışıldı.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1723