Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Qafqaz Müsəlmanları İdarəsində olub

 
 
 
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Azərbaycanda dinindən, dilindən, milliyyətindən, irqindən asılı olmayaraq hər kəs bərabər şəkildə yaşayır və dövlətin qayğısını hiss edir.
 
Bu sözləri Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
 
Bu günlərdə dünya azərbaycanlılarının iki mühüm hadisəni – ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərini qeyd etdiklərini deyən A.Paşazadə bildirib ki, xalqımız, dövlətimiz qazandığı böyük uğurlara ulu öndər Heydər Əliyevin dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq vətəndaşlarımızı milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən azərbaycançılıq məfkurəsi sayəsində imza atıb.
 
QMİ sədri deyib ki, Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. Ölkəmizdə müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar. Azərbaycanda məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur. Şeyxülislam bildirib ki, dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən Prezident İlham Əliyevin “İslam Həmrəyliyi İli” ideyası yalnız müsəlman dünyası daxilində deyil, İslam aləmi ilə digər dinlər arasında həmrəyliyin harmoniyasını ehtiva edir.
 
Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirən Viktor Opaski Azərbaycan və Rumıniya xalqlarının oxşar taleləri yaşadıqlarını deyib. O, Rumıniyanın da keçmiş SSRİ-nin tərkibində olduğu vaxtlarda dini təzyiqlərə məruz qaldığını qeyd edib. Əlavə edib ki, müstəqilliyini bərpa etdikdən sonra Rumıniya da bir çox sahələrdə olduğu kimi, dini sferada da xeyli irəliləyiş əldə edilib.
 
 

Oxunub : 2203