İstanbulda “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfrans işə başlayıb

  
Yanvarın 29-da Türkiyənin İstanbul şəhərində “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
 
Konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə nümayəndə heyəti təmsil edir.
 
Türkiyə Diyanət İşləri Başqanlığının təşkilatçılığı ilə keçirilən konfransda İran, İraq, Fələstin, Hindistan, Malayziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (Rusiya Federasiyası), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimləri iştirak edirlər.
 
Konfransın açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ, Diyanət İşləri başqanı Əli Ərbaş və digərləri çıxış ediblər.
 
Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.
 
Sonra müqəddəs Qüds şəhərinin tarixi və müasir vəziyyətini əks etdirən film göstərilib.
 
Çıxışına Qafqaz müsəlmanlarının, Azərbaycan xalqının və Prezident İlham Əliyevin salamlarını və xeyir-dualarını konfrans iştirakçılarına çatdırmaqla başlayan Allahşükür Paşazadə sülhə, ədalətə, mənəvi-əxlaqi yüksəlişə xidmət edən müqəddəs dinimizin zəngin dəyərlərinin müdafiəsi məqsədilə İstanbulda ənənəvi olaraq mötəbər toplantıların keçirilməsini Türkiyə dövlətinin bu amallara ali səviyyədə sahib çıxmasının bariz nümunəsi kimi dəyərləndirib. İslam aləminə qarşı həyata keçirilən qeyri-seçkiliklər, müsəlmanların məruz qaldıqları təcavüz və işğalçılıq, dinimizin məqsədli şəkildə terrorçuluqla eyniləşdirilərək ləkələnməsi hallarını qətiyyətlə pisləyən Qafqaz Müsəlmanları İdarəsinin sədri təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri və xalqımıza qarşı törədilən terror aktları barədə geniş məlumat verib. O diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycan prezidentlərinin beynəlxalq hüququn aliliyi prinsipini, eləcə də BMT qərarlarının icrasını önə çəkmələri olduqca təqdirəlayiqdir. İki qardaş ölkənin liderlərinin hər zaman nümayiş etdirdikləri belə bir vəhdət ümumi mənafelərimizin təmini üçün zəruridir. “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfransın işinə uğurlar arzulayan A.Paşazadə əminliklə ifadə edib ki, görkəmli İslam alimləri və din xadimləri dünyada sülhə və əmin-amanlığa nail olmaq üçün beynəlxalq ictimaiyyətin Qüds məsələsi ilə bağlı ədalətli mövqelərinin bundan sonra da qorunması naminə ciddi çağırışlar edəcəklər.
 
Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını iştirakçılara çatdıran Bəkir Bozdağ İslam dünyasında baş verən xoşagəlməz hadisələr, müsəlman xalqlarına qarşı aparılan düşmənçilik, böyük güclərin dəstəyi ilə zalımlıq törədən terror təşkilatları ilə mübarizə yolları kimi məsələlərdən danışıb.
 
Müsəlman dünyasının həmrəyliyini mövcud vəziyyətdən qurtarmaq üçün yeganə çıxış yolu kimi dəyərləndirən Əli Ərbaş İslam dəyərlərinin düzgün mənimsənilməsi və təbliği məsələlərinin vacibliyinə toxunub.
 
Çıxışlarda İslam həmrəyliyi, təriqətlər arasında dostluq və qardaşlıq münasibətlərinin qorunması, müsəlman xalqları arasında təfriqə cəhdlərinin qarşısının alınması kimi məsələlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, Qüds müsəlmanları qürur və əxlaq yeridir. Onun qorunması və müdafiəsi üçün səylər göstərmək hər bir İslam ölkəsinin, eləcə də müsəlmanın ümmət borcudur. Qeyd olunub ki, müsəlmanlarla bağlı olduğu iddia olunan terror təşkilatlarının zərərsizləşdirilməsi üçün, ilk növbədə, onların arxasında dayanan gizli qüvvələrin ifşa edilməsinə ehtiyac var.
 
Rəsmi açılışdan sonra konfrans işini panellərlə davam etdirib.
 
Konfrans çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ və Diyanət İşləri başqanı Əli Ərbaş ilə görüşüb. Tərəflər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunmasında iki ölkə arasında dini əlaqələrin müstəsna əhəmiyyət daşıdığını qeyd ediblər. Diqqətə çatdırılıb ki, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi qardaşlıq və dostluq münasibətləri böyük təsirə malikdir. Dövlət başçılarının tövsiyələri nəticəsində dini-mənəvi münasibətlərdə də böyük nəticələr qazanılıb.
 
Jurnalistlərə müsahibə verən şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Qüds məsələsində qətiyyətli mövqe nümayiş etdirən müsəlman ölkələri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə də həssas yanaşmalı, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı, torpaqlarımızın 20 faizinin işğal altında saxlanılması faktlarına qarşı daim öz etiraz səslərini ucaltmalıdırlar. Bu etiraz səsləri yalnız konfrans və toplantılarda deyil, real işlərdə də özünü göstərməlidir. Beynəlxalq hüquq normalarına, o cümlədən BMT-nin məlum qətnamələrinə məhəl qoymayan Ermənistan heç bir müsəlman ölkəsinin dostu ola bilməz.
 

Oxunub : 1523