Əbu Hənifənin məqbərə kompleksi – Bağdad, Əzəmiyyə, İraq

Vaxtıyla İslam mədəni bölgəsinin elm və mədəniyyət ocaqlarından olan Bağdad tarixi abidələrlə zəngindir. İnsanların ziyarət məkanlarından biri olan belə abidələrdən biri də Əhli-Sünnənin 4 böyük İmamından biri olan Əbu Hənifə Nüman bin Sabit bin Zuta Mərzbanın məqbərə kompleksidir.
Əslən Əfqanıstandan olduğu bildirilən Əbu Hənifə Miladi təqvimlə 699-cu ildə Bağdadda dünyaya gəlib. Həyatının əsas hissəsini İraqda yaşayan alim 767-ci ildə Bağdad şəhərində Abbasi xilafəti tərəfindən şəhid edilib.
Mənbələrdə ailəsinin Həzrət İmam Əlinin (ə) dövründə Kufəyə köçdüyü, orada məskunlaşdığı və atası Sabitin Həzrət Əli (ə) ilə görüşdüyü, Həzrət Əlinin onu və ailəsini, övladlarını dua etdiyi qeyd edilir.
Əbu Hənifə kiçik yaşlarından Quranı əzbərləmiş, dini elmlərə yiyələnməyə başlamışdır. Yeniyetmə yaşlarında bir neçə səhabə ilə görüşdüyü və onlardan bilavasitə hədis dinlədiyi bildirilir. Bu səbəbdən də Əbu Hənifə “tabiinlərdən” sayılır.
Dövrünün görkəmli alimlərindən olan İmam Şəbinin tövsiyəsilə Əbu Hənifə ondan kəlam və əqaid dərsləri almağa başlamışdır. Sonra Həmmad bin Süleymanın dərslərinə qatılaraq ondan fiqh elmi öyrənmişdir. Əbu Hənifənin Hammaddan 18 il dərs aldığı bildirilir. Mənbələrdə İmam Əbu Hənifənin Həzrət İmam Məhəmməd Baqirdən (ə) və İmam Cəfəri Sadiqdən (ə) də dərs aldığı göstərilir.
Əbu Hənifə “əl-Alim vəl-Mütəəllim”, “Tövhid vəsiyyəti”, “əl-Fiqh əl-əkbər”, “əl-Fiqh əl-əbsət”, “Müsnəd” və s. kimi əsərlərin müəllifidir. Əbu Hənifə uzun illər tədrislə də məşğul olmuş, Zəfər bin Züheyl, Əbu Yusuf, Məhəmməd bin Həsən Şeybani, Davud ət-Tai, Əsəd bin Əmr, Həsən bin Ziyad əl-Kufi kimi tələbələr yetişdirmişdir.
Elm sahəsində böyük nailiyyətlər əldə edən alim "əl-İmam əl-Əzəm", yaxud “İmam-i Əzəm” (yəni “ən böyük İmam”) ləqəbi ilə tanınır. “Əbu Hənifə” künyəsi ilə məşhur olan mütəfəkkir Hənəfilik fiqh məktəbinin imamı hesab edilir. Həmin məzhəbin ardıcılları da “hənəfi” adlanırlar. Hənəfilik məzhəbi aşağıdakı 7 prinsipə əsaslanır: 1) Quran; 2) Sünnət; 3) Səhabələrin dedikləri; 4) Qiyas və rəy; 5) İstehsan; 6) İcma; 7) Ürf.
Əbu Hənifə Əhli-beytə (ə) mənən bağlı şəxslərdən olub; Əməvi xilafəti Əhli-beytə (ə) qarşı zülmkarlıq etdiyindən davamlı şəkildə xilafəti sərt tənqid edib. Abbasilər dövründə də zülmün davam etdiyini görən Əbu Hənifə Abbasi iqtidarına da qarşı çıxıb. Zülmkar Abbasi xilafəti ona “qazilər qazisi” vəsifəsini təklif etsə də, Əbu Hənifə bu təklifi rədd edib və nəticədə, xilafətin təqiblərilə üzləşib. Hakimiyyətə qarşı çıxdığı üçün Abbasilərin ikinci xəlifəsi Əbu Cəfər əl-Mənsur tərəfindən həbs etdirilib, işkəncələrə məruz qoyulub və sonda zəhərləndirilərək şəhid edilib.
Dəfn mərasimində həddən ziyadə böyük izdiham olduğundan, İmam Əbu Hənifənin Cənazə namazı 6 dəfə qılınıb. Böyük alim Bağdadın onun şərəfinə Əzəmiyyə adlandırılan məntəqəsində - Dəclə çayının Şərq sahilində dəfn olunub.
Səlcuq sultanı Məlikşahın vəzirlərindən olan Əbu Səd Xarəzmi İmam Əbu Hənifənin qəbri üzərində məqbərə kompleksi ucaldıb və kənarında mədrəsə binası tikdirib. Həmin məqbərə kompleksi əsrlərdən bəri müsəlmanlar tərəfindən ziyarət edilir.

Oxunub : 2103