Qüds – Yerusəlim

Hələ qədim dövrlərdən vəhy ocağı sayılan Qüds şəhəri keçmiş dövrlərdə olduğu kimi, müasir dövrümüzdə də səmavi dinlərin mənəvi mərkəzi kimi qəbul edilir. Qüds həm müsəlmanlar, həm yəhudilər, həm də xristianlar üçün çox önəmli bir şəhərdir.
Üç ilahi dinin hәr biri üçün müqәddәs olan Qüdsdə bu dinlәrin әn dәyәrli ibadət ocaqları, mәbәdlәri yerləşir. Qüds üç böyük din arasındakı ortaq nöqtә, ortaq dini-mənəvi dəyər kimi bәşәriyyәt tarixindә özәl bir әhәmiyyәt daşıyır.
Qurani-Kərimin (əl-Ənbiya, Səba, Sad və s.) surələrində, Tövratın (Bereşit 12:1, I Padşahlar 8:27-30 və s.) və İncilin (Luka 13:33 və s.) fəsillərində Qüds haqqında bəhs edilmişdir.
Qüds ərazisi eramızdan əvvəlki dövrlərdə Kənan diyarı adlanırdı. E.ə 1450-ci illərdə Misirdən çıxarılan Həzrət Musa (ə) və onun tərəfdarları bu bölgədə məskunlaşmışdılar. Həzrət Davud (ə) yəhudilərin müqəddəs saydığı “Əhd sandığı”nı da buradakı Sion təpələrində qurduğu çadırda qorumuşdu. “Əhd sandığı” Həzrət Musaya (ə) Tanrı tərəfindən göndərilən on əmrin yazıldığı iki lövhənin qorunduğu sandıqdır. Həzrət Davudun (ə) oğlu Həzrət Süleyman (ə) e.ə 965-ci ildə bu müqəddəs qaya üzərində məbəd ucaltmışdı. Lakin e.ə 586-cı ildə Babil çarı Navuxodonosor bu məbədi dağıdaraq əhalini Babilə köçürtmüşdü. E.ə 538-ci ildə Midiya hökmdarı Kuroşun zamanında baş kahin Zarovelin rəhbərliyi altında məbədin inşasına başlanmışdır. Arxeoloji tədqiqatlar “Ağlama divarı”nın bu məbədin daşları ilə tikildiyini göstərir. Yunan istilasından sonra məbəd Zevs tanrısı adına ibadətgaha çevrilmişdir. Həzrət İsa (ə) ömrünün son günlərini bu məbədin yaxınlığında keçirmişdir.
395-ci ildə Roma imperiyası parçalandıqdan sonra Sion təpələrindəki müqəddəs qayadan biri üzərində tikilən həmin məbəd Bizans imperiyasının ərazisində qalmışdı. 614-cü ildə məbəd Sasanilərin hücumuna məruz qalmış və Şah Xosrov Pərviz tərəfindən dağıdılmışdır.
 
 
Müsəlmanlar üçün Qüds (Yerusəlim)
Qüds müsəlmanların ilk qibləsi olmuşdur. Bu şəhər İslam aləmində Məkkə və Mədinəndən sonra üçüncü müqəddəs və önəmli şəhər kimi qəbul edilir. Burada müsəlmanların ilk qibləsi olan əl-Əqsa məscidi yerləşir. Bu mübarək məkanın inşasına Həzrət Davud peyğəmbər (ə) tərəfindən başlanıldığı və oğlu Həzrət Süleyman peyğəmbər (ə) tərəfindən tamamlandığı rəvayət olunur.
Əl-Əqsa məscidi Məkkədəki Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur.
Yerusəlimin müsəlmanlar üçün müqəddəs olması ilk qiblə olmaqla bərabər, həm də Həzrət Muhəmməd peyğəmbərin (s) buradan merac etməsi ilə bağlıdır. “əl-İsra” surəsinin birinci ayəsində göstərilir ki, Peyğəmbər (s) Məkkədəki Məscidül-Həramdan Məscidül-Əqsaya gəlmiş və məhz buradan merac etmişdir. Rəvayətlərə görə, bu hadisə Rəcəb ayının 27-si gecəsi baş vermişdir.
əl-Əqsa məscidi Xəlifə Ömərin dövründə kiçik bir məscid kimi inşa edilir. Sonra Əməvilər sülaləsinin hakimiyyəti dövründə böyüdülüb, genişləndirilmiş və 705-ci ildə tikintisi tamamlanmışdır. Daha sonralar müxtəlif səbəblərdən bir neçə dəfə dağıdılan məscid əvvəldən inşa edilmişdir. Bugünkü məscid binası 1033-cü ildə zəlzələ nəticəsində dağıldıqdan sonra Fatimilər tərəfindən tikilən variantıdır. Sonralar bir çox hökmdarlar tərəfindən müxtəlif elementlərlə bəzədilmişdir.
Yerusəlimdəki Məscidül-Əqsadan başqa, altı kunbəzli məşhur Qübbətüs-Səxra məscidi də müsəlmanların ziyarət məkanlarından hesab edilir. Bu məscid müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən hesab edilir. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır.
Qübbətüs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir. “Müəlləq” adlı bir qayanın üzərində inşa edildiyinə görə bu tikiliyə “Qübbətüs-Səxra”, yəni “qayanın qübbəsi” adı verilmişdir. Hədislərdə bu qaya “səxrətullah”, yəni “Allahın qayası” adlanır. Bu qaya xristian və yəhudilər üçün də müqəddəs sayılır.
1099-cu ildə Xaç yürüşlərində Qüdsün Xristianların əlinə keçməsindən sonra məscid Templum Domini adlı kilsəyə çevrildi və müxtəlif dəyişikliklərə məruz qaldı. Məscidin şimal hissəsinə xristian keşişlər üçün hücrələr əlavə edildi. Qübbəsinə xaç yerləşdirərək altındakı mağaraya ikonalar qoyuldu. Lakin 1187-də Səlahəddin Əyyubi Qüdsü xristianlardan geri qaytardıqdan sonra xaçlıların abidə üzərində elədiyi dəyişikliklər düzəldildi.
638-ci ildə Ömərin xilafəti dövründə müsəlmanlar Qüdsü ələ keçirdikdən sonra qayanın yerini Kəb əl-Əhbar adlı İslamı qəbul etdiyini bəyan edən yəhudinin bələdçiliyilə tapmış və orada “Qübbətüs-Saxra” məscidini inşa etdirmişdir.
Qübbətüs-Saxra tarix boyu müxtəlif hökmdarların diqqət mərkəzində olmuş, xüsusi həssaslıqla təmir edilmişdir. Səlahəddin Əyyubi şəxsən öz əllərilə qayanın tozunu almış, məscidi süpürmüş və gül suyu ilə yumuşdur. Əməvilər tərəfindən inşa edilərkən binanın çöl üzü Bizans üslublu mozaikalarla bəzədilmişdir. Bu mozaikaların İslam memarlığına uyğun gəlmədiyini düşünən Osmanlı hökmdarı Sultan Süleyman Qanuni tikilini əsaslı şəkildə təmir etdirmiş və zədələnmiş xarici mərmər mozaikalar çini kaşılarla əvəz olunmuşdur.
1927-ci ildə Fələstində baş verən zəlzələ nəticəsində zədələnən abidə İordaniya, Türkiyə və digər Ərəb ölkələrinin yardımı ilə əsaslı təmir edilmişdir. Qübbətüs-Saxra hazırda məscid və ziyarətgah kimi bütün müsəlmanların istifadəsindədir.
Xarici divarları səkkizbucaqlı, daxili quruluşu isə dairəvidir. Divarlar qiymətli çini kaşılarla bəzədilmişdir. Qızıl mozaika ilə işlənilmiş mərkəzi qübbəni daxildən yaşıl porfirdən düzəldilmiş sütunlar və qızılla üzlənmiş sütun başlıqları saxlayır.
 
 
Yəhudilər üçün Yerusəlim
Yerusəlim şəhəri yəhudilər üçün tarix boyu xüsusi önəm daşımışdır. Həzrət Davud (ə) zamanından gələn bu ənənə günümüzdə də öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Harada yaşamasından asılı olmayaraq, bu şəhər yəhudilər üçün müqəddəs və əziz sayılır, dualarda, bayramlarda, matəmlərdə, mərasimlərdə dərin ehtiramla yad edilir.
Yəhudilər üçün Yerusəlimin müqəddəs olması Tanrının məbədinin burada olması və bir ümmət, bir millət kimi bu ərazilərdə formalaşmaları ilə bağlıdır.
Tövrat və Zəburda Yerusəlimin adı dəfələrlə çəkilir. Yəhudi dini əsərlərindən olan Talmudda Yerusəlim haqda belə bir bölüm var: “Ey Yerusəlim, səni unutsam, sağ əlim qurusun. Yerusəlim, səni ən böyük sevincimdən üstün tutmazsam, dilim damağıma yapışsın!..”
Yerusəlimdən qovulduqları vaxtdan indiyə kimi yəhudilər tarix boyu bu şəhərin hicranı ilə yaşamış, müqəddəs torpaqlara qayıdış amalı qəlblərində yer almışdır.
 
 
Xristianlar üçün Yerusəlim
Dindar xristianlara görə də, Yerusəlim Rəbbin seçdiyi bir şəhərdir. Həzrət İsanın (ə) bu müqəddəs diyarda yaşaması həmin yerləri xristianların nəzərində müqəddəs məkana çevirmişdir. Xristianlıq tarixi də elə bu müqəddəs torpaqdan başlayır. Xristianlığa görə Həzrət İsanın (ə) burda çarmıxa çəkilməsi onlar üçün buranın xüsusi bir məna kəsb etməsinə səbəb olmuşdur. Həzrət İsanın (ə) özünün də xeyr-dua verdiyi, “Tanrının şəhəri” adlandırdığı Yerusəlim günümüzdə də xristianlar üçün müqəddəsdir. Yerusəlimdə xristianlığa aid kilsələr və müqəddəs ziyarət məkanları mövcuddur. İnsanın çarmıxa çəkildiyi yerdə olan müqəddəs Məzar kilsəsi, Romalı əsgərlərin İsanın başına tikanlı zeytun budağı qoyduqları Cəza kilsəsi, Məryəmin ata və anasının yaşadıqları evin yerində tikilən Müqəddəs Anna kilsəsi, Rus və Yunan pravoslav kilsələri və s. xristianların bu gün də müqəddəs sayıb ziyarət etdikləri məkanlardandır. Hər il milyonlarla xristian Həzrət İsanın (ə) gəzib-dolaşdığı bu müqəddəs şəhərə ziyarətə yollanırlar.

Oxunub : 10628