Özbəkistan prezidenti Şavkat Mirziyoyev Şeyxülislam həzrətlərinə təşəkkür məktubu ünvanlayıb. 09.08.2017

 
Qafqaz Müsəlmanları İdarəsinə Özbəkistan Respublikasının prezidenti cənab Şavkat Mirziyoyevdən Şeyxülislam Allahşükür Paşazadənin adına məktub daxil olub. Məktubda deyilir:
 
“Hörmətli Şeyxülislam,
Doğum günüm münasibətilə mənə ünvanladığınız səmimi təbriklərinizə və xoş arzularınıza görə Sizə öz minnətdarlığımı bildirirəm. Mənim və bütün özbək xalqının Sizə dərin hörmət bəslədiyini, millətlərarası dialoqun, dinlərarası əlaqələrin, tolerantlığın inkişafına, dünyada İslam dininin maarifçi ideyalarının təbliğ edilməsinə öz böyük şəxsi töhfəsini vermiş görkəmli və nüfuzlu din xadimi olaraq Sizə böyük qiymət verdiyini xüsusilə qeyd etmək istərdim.
 
Ortaq mədəniyyət, milli adət-ənənələr və mənəvi dəyərlərə, habelə qarşılıqlı hötmət və ehtirama söykənən Özbəkistan-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı naminə sərf etdiyiniz fəal səylərinizi yüksək qiymətləndiririk. Bizim üçün Siz iki qardaş xalqımızı bir-birinə sıx bağlayan, onları birləşdirən etibarlı körpüsünüz.”
 
Cənab Mirziyoyev məktubunda Şeyxülislam Paşazadəyə həmçinin ötən iyul ayının ilk yarısında Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib: “Fürsətdən istifadə edərək, bu yaxınlarda Bakıda rəsmi səfərdə olan Özbəkistan Dini İşlər üzrə Komitəsinin və Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin rəhbərlərinə göstərdiyiniz mehribançılıq və səmimi qonaqpərvərliyinizə görə Sizə öz təşəkkürümü bildirirəm.
 
Əminəm ki, birgə səylərimizlə qarşılıqlı maraqlarımıza xidmət edən üzünmüddətli tərəfdaşlığımız getdikçə inkişaf edəcək, Özbəkistan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcəkdir.
 
Hörmətli Şeyxülislam, Sizə möhkəm can sağlığı, əminamanlıq, nəcib fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
 
 
   Hörmətlə,
 
Şavkat Mirziyoyev
Özbəkistan Respublikasının Prezidenti”
 
 
 
 *Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1250