104. əl-Huməzə (Qeybətçi) surəsi

(Məkkədə nazil olmuşdur, 9 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1. (Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!
2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
3. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
4. Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
5. Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
6. O, Allahın yanar odudur.
7. Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
8. O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
9. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!

Oxunub : 7337