29 Ramazan 1431
08 Sentyabr 2010
Qurani Kərimdən

(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ)

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib  edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə 183). 


Namaz Təqvimi
Sübh namazı06:03
Gün çıxma vaxtı07:14
Zöhr namazı13:42
Əsr namazı17:48
Axşam namazı20:16
İşa namazı21:36
114 Surə
Ən çox oxunanlar
Növbəti namaz : Zöhr namazı 13:42
Həcc ziyarəti
"Həcc" ərəbcə "ziyarət etmək" deməkdir.
İslamın əsas rüknlərindən biri olan həcc ziyarəti  müqəddəs Məkkə və Mədinə   şəhərlərinə gedərək Allahın evi olan  Kəbəni  ziyarət etməklə başlayan və  hər bir müsəlmanın borcu olan bir ayindir. Qeyd etmək lazımdır ki, hələ   çox  qədimlərdən,  islama  qədərki  dövrlərdə də  Məkkədə yerləşən Kəbə məbədi bütün insanların   ziyarətgahı olmuşdur.  Tarixi mənbələrə  görə, Kəbə İslamdan 2700 il əvvəl ərəb qəbilələri   arasında    böyük nüfuza malik olmuşdur.  Müxtəlif  adət-ənənəli  qəbilələr  oranı müqəddəs və əziz saymışlar.

Rəvayətə   görə,   Kəbəni   Allah  Talanın əmri ilə Həzrəti Adəm (ə) tikmiş, lakin Nuhun (ə) dövründə baş verən tufan  onu dağıtmışdır. Hədislərdə yazılanlara görə, Kəbənin   tikintisində   bütün    dünyanın torpağından nümunə vardır. Dünyadakı bütün insanlar Hz. Adəmdən (ə) əmələ gəldiyi üçün bədənində də həmin torpaq olmalıdır.
Nuh (ə)   peyğəmbərdən  sonra İbrahim (ə)  və  onun  oğlu İsmayıl (ə)   Kəbəni yenidən tikmişlər. "Kəbə" ərəb dilində "kub"  deməkdir. Kəbə - sahəsi  10x12 metr,   hündürlüyü   isə   15   metrə  yaxın olan bu Allah   evi Məscidül-həramın tən ortasında yerləşir. Allah Talanın Adəmə  (ə)  göndərdiyi  "qara daş"  Kəbənin cənub-qərb küncündə divara hörülmüşdür.
Kəbə   ibadət və  Tanrıya tapınmaq   üçün tikilmiş ilk evdir.   "Bəqərə" surəsinin 122-ci və "Ali-İmran" surəsinin 96-cı ayələrindən   göründüyü   kimi, Kəbənin   tikilmə tarixi   İbrahim peyğəmbərdən  (ə)  əvvəl olmuşdur. Hz. İbrahim (ə) Allah Talanın buyruğu ilə Kəbəni çoxdan mövcud olan bünövrə üzərində yenidən tikmişdir.
Həzrət Əlinin (ə) "Nəhcül-bəlağə" əsərində də Kəbənin Hz. Adəmin (ə) vaxtından mövcud olduğu göstərilir.
Kəbənin   binası   dördküncdür.   Künclərin  hər biri digərinə tərəf yönəlmişdir ki, hava axını və külək bir-birinə təsir edib zəifləsin və beləliklə, binanın dağılmasının qarşısı alınsın.
Kəbənin binasını  Hz.  İbrahim (ə) dövründən indiyədək Əmalin, daha sonra Cürhüm qəbiləsi və nəhayət Məhəmməd peyğəmbər (s)  zamanında   Qüreyş  qəbiləsi   bərpa   etmişdir.   (Bu   haqda  "İslam tarixi"  başlıqlı  yazıda ətraflı məlumat verilib).
Kəbənin  qapısı  ilə  üzbəüz  müqəddəs  "Zəm-zəm"  çeşməsi yerləşir. Hz. İbrahimin (ə) Hicazda qoyub getdiyi körpə İsmayıl və onun anası   Hacər   susuzluqdan  əziyyət  çəkərkən möcüzə  baş vermiş,  körpənin ayaqları altından su fəvvarə vurmuşdur. Çeşmənin   suyu  şəfaverici  sayıldığı  üçün  zəvvarlar  çox vaxt onu  "zəmzəmiyyə"  adlanan  xüsusi  qablarda özləri ilə vətənlərinə aparırlar.
Tarixi məlumatlara görə, Məhəmməd Peyğəmbər (s) hələ hicrətdə (Mədinədə) olarkən buyurmuşdur ki,  müsəlmanlar namaz qılarkən üzlərini Kəbəyə  çevirməlidirlər.  Həmin  çağırışdan  sonra  Kəbədəki  "qara daş"ın  ətrafında  olan bütlər Peyğəmbər (s) tərəfindən məhv edildi və Kəbə  İslamın müqəddəs  məbədinə  çevrildi.  Həmin  vaxta  qədər   müsəlmanlar üzlərini Beytül-Müqəddəsə (Qüds) tuturdular. (Bu haqda "İslam tarixi" yazısında ətraflı bəhs edilib). Beləliklə, İslam dininin yarandığı   ilk  vaxtlarda - miladi    təqvimi  ilə 632-ci  ildən  başlayaraq  Məkkəni  və  oradakı  Kəbə  evini   ziyarət  etmək mərasimi   müsəlmanlar   tərəfindən   daha   geniş  icra  edilməyə  başlanmış  və həcc ziyarəti adı ilə məşhurlaşmışdır.
Zəvvarlar   Məkkədə   Zilhiccənin   7-ci   günündə olmalıdırlar.   Burada   onlar   təmizlənəndən,  dəstəmaz  alandan, bədənlərinə ətirli yağ   sürtəndən və  qüsl   edəndən   sonra   müqəddəs  ağ ibadət  libası - ehram   (yalnız kişilər)  geyirlər. Ehramın heç bir tikişi olmur və iki ağ parçadan ibarətdir; birini bellərinə sarıyır, digərini  isə çiyinlərinə salırlar. Zəvvarlar həcc zamanı saçlarını qırxdırmır, dırnaqlarını tutmurlar. Qadınlar mütləq başlarına iri yaylıq örtməlidirlər.
Zəvvarlar həcc vaxtı ehram halında ancaq ibadətlə məşğul olmalıdırlar. Heç bir canlının qanını tökməyə ixtiyarları yoxdur, hətta milçək olsa belə. Ağacdan meyvə dərməməli, ümumiyyətlə heç bir dünya neməti haqda düşünməməlidirlər.
Həcc zamanı ziyarət Kəbəni yeddi dəfə dolanaraq təvaf etmək, məqami-İbrahimdə iki rükət namaz qılmaq müqəddəs  Səfa  və Mərva təpələri arasında səy (qaçmaq) etməklə başlanır.
Daha sonra zəvvarlar Minaya, Ərəfat dağına yollanır və açıq havada gecələyəndən sonra,  Zilhiccə ayının  9-da  həccin əsas ayinlərindən birini yerinə yetirərək, Ərəfat dağının ətəyində dayanırlar. Bu ayin günortadan gün batana kimi davam edir. Zəvvarlar  burada namaz qılır və xütbəyə - moizəyə   qulaq asırlar. Gün batan kimi hamı dərhal Müzdəlifə vadisinə yollanır və bütün gecəni orada ibadət edir, sübh namazından sonra gün çıxana qədər oranı tərk edirlər.
Zilhiccə ayının 10-cu  günü  Mina vadisində şeytana daş  atma  mərasimi icra olunur. Burada  hər bir zəvvar   şeytana yeddi dəfə daş atmalıdır. Bundan sonra qurban kəsmə mərasimi başlayır. Həmin gün Qurban bayramı günü hesab olunur, bayram namazı qılınır.
Zilhiccə ayının 11-12-ci günü şeytana daş atma mərasimləri bir daha təkrar olunur. Zəvvarlar həmin ayın 11-12-ci günlərində Minada gecələyir və 13-cü gün günorta namazından sonra Minanı tərk edərək Məkkəyə qayıdırlar. Məkkə şəhərində böyük həccin əməllərini yerinə yetirirlər.
Böyük həccin əməlləri kiçik həccin əməlləri kimidir. Kəbə evi zəvvar tərəfindən 7 dəfə təvaf edilməli, məqami-İbrahimdə namaz qılınmalı, Səfa və Mərva dağları arasında 7 dəfə səy edilməlidir. Bu ayinlərdən sonra Nisə və Vida təvafları da icra olunmalıdır. Bununla da Zəvvarlar həcc ziyarətini başa vururlar. 

Allah Taala hər bir Zəvvarın ziyarətini qəbul etsin !
əlavə edilmə : 18 / 02 / 2010 ana səhifəyə geri dön

Sayt "Qafqaz Müsəlmanlar İdarəsi"-nə məxsusdur
Copyright 2010 www.qafqazislam.com. Bütün hüquqlar qorunur.
vebmasterlə əlaqə