29 Ramazan 1431
08 Sentyabr 2010
Qurani Kərimdən

(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ)

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib  edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə 183). 


Namaz Təqvimi
Sübh namazı06:03
Gün çıxma vaxtı07:14
Zöhr namazı13:42
Əsr namazı17:48
Axşam namazı20:16
İşa namazı21:36
114 Surə
Ən çox oxunanlar
Növbəti namaz : Zöhr namazı 13:42
Dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara MÜRACİƏT

O Bir Olan Yaradanın adı ilə

Azərbaycan Respublikasının milyonlarla vətəndaşının iradə və hislərini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə, dövlət rəhbərlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara üz tuturam. Hesab edirəm ki, cahanda elə bir xalq, elə bir din ola bilməz ki, ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin.

Bəşəriyyət insanlığa qarşı cinayətləri daima nifrətlə damğalamış, insan sifətini itirmiş qatillərini həmişə lənətləmişdir. Lakin təəssüflə qeyd olunmalıdır ki, dünya tarixinin qanlı səhifələrindən birini təşkil edən, Xatın, Lidise kimi bəşəri müsibətlərlə bir sırada duran Azərbaycan şəhəri Xocalının faciəsi hələ də tarixin mühakiməsinə verilməmiş, bu, misli görünməmiş soyqırım faktı layiqli siyasi qiymətini almamışdır.
Bəşəriyyətin qan yaddaşında ikili standartlar yolverilməzdir, lakin artıq on səkkiz ildir ki, barəsində aləmə car çəkdiyimiz Xocalı faciəsi bu günədək dünya səviyyəsində qınaq obyektinə çevrilməmiş, onun baiskarları lənətlənməmişdir.1992-ci fevralın 26-da Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisinin erməni quldurlarının amansız basqınına məruz qalması, 613 nəfərin qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyitlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə baş ucalığı gətirə bilməz.
Bütün dünya sözdə etiraf edir ki, hər bir cinayətkar, terrorçu milli və dini mənsubiyyətindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalı və beynəlxalq hüquq qarşısında cavab verməlidir. Lakin acı reallıq ondan ibarətdir ki, erməni ekstremistləri törətdikləri cinayətlərə görə hələ də caza almamış, heç bir beynəlxalq qurumun, hətta BMT-nin qətnamələrinə məhəl qoymadıqları halda onlara qarşı heç bir sanksiya tətbiq olunmamışdır. Azərbaycana qarşı zaman-zaman törətdiyi vəhşiliklər cəzasız qaldığına görə, ərazimizin 20 faizini işğal etmiş, milyonlarla azərbaycanlını doğma yurdlarından didərgin salmış erməni ekstremistləri öz təcavüzkarlıq planlarından əl çəkməmiş, qəsb etdiyi torpaqlarda vandalizm aktları həyata keçirərək mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları xarabalığa çevirmiş, maddi və mənəvi terror gerçəkləşdirmiş, tarixi sənəd və əşyaları mənimsəyərək özünküləşdirmişdir. Bəs görəsən, tarix boyu yüz minlərlə dinc azərbaycanlı qətlə yetirmiş erməni terrorçuları daha nələr törətməlidirlər ki, dünya onları cinayətkar kimi damğalasın?! Görəsən nə vaxtadək üstünlük ədalətə deyil, erməni lobbisinin maraqlarına veriləcəkdir?!
Qəsbkar siyasət yeridən erməni ekstremistləri cəzasız qalmalarından ruhlanaraq, qəsb etdikləri torpaqları işğal altında saxlayır, atəşkəsi mütəmadi olaraq pozmağa cəhd edir, sülh danışıqları prosesində konstruktivlik görüntüsü yaradaraq beynəlxalq ictimai rəyi aldadır və problemin həllini bilərəkdən yubadır. Dünya ictimaiyyəti sayıq olmalı, erməni ekstremistlərinin məkrli təbliğatına uymamalı, özgə torpaqlarına göz dikən terrorçu dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını öz adı ilə çağırmalıdır.
Mən, din xadimi olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirəm. Üzümü dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, xalqlarına və beynəlxalq təşkilatlarına tutaraq, Azərbaycana qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, xalqımızın faciəsinə biganə qalmamağa, Xocalı müsibətini insanlığa qarşı soyqırım aktı kimi tanımağa çağırıram.
O Bir Olan Yaradan müqəddəs dəyər olan insan həyatına edilən qəsdə göz yumulmasını heç zaman bağışlamaz. Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin zəfər çalmasına nail omalıdır.
Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun!


                                                                        Şeyxülislam Allahşükür PAŞAZADƏ
                                                                      Qafqaz Müsəlmanları İdarəsinin sədri      

əlavə edilmə : 23 / 02 / 2010 ana səhifəyə geri dön

Sayt "Qafqaz Müsəlmanlar İdarəsi"-nə məxsusdur
Copyright 2010 www.qafqazislam.com. Bütün hüquqlar qorunur.
vebmasterlə əlaqə