29 Ramazan 1431
08 Sentyabr 2010
Qurani Kərimdən

(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ)

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib  edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə 183). 


Namaz Təqvimi
Sübh namazı06:03
Gün çıxma vaxtı07:14
Zöhr namazı13:42
Əsr namazı17:48
Axşam namazı20:16
İşa namazı21:36
114 Surə
Ən çox oxunanlar
Növbəti namaz : Zöhr namazı 13:42

Qafqaz Müsəlmanları İdarəsinin
yaranma tarixi
· XIX əsrin əvvəllərində Qafqaz (Zaqafqaziya) ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədar bölgədə İslam təsisatlarının quruluşunda əhəmiyyətli dəyişikliklər baş verdi. 1823 - cü ildə Qafqaz (Zaqafqaziya) şiələrinə (dini) başçılıq etmək üçün Tiflis şəhərində şeyxülislam vəzifəsi təsis edildi. Bundan 9 il sonra - 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. Lakin şeyxülislam və müfti vəzifələrinin təsis edilməsi hələ Qafqaz (Zaqafqaziya) Ruhani İdarəsinin yaranması demək deyildi. Onlar yalnız fərdi qaydada fəaliyyət göstərən dini başçılar idilər. Şeyxülislamın rəhbərlik etdiyi idarənin nəzdində şiə, müftinin rəhbərlik etdiyi idarənin nəzdində isə sünni ruhani idarələri 1872-ci il 5 aprel tarixli çar fərmanı ilə təsis edildi və 1917-ci ilin fevralına qədər fəaliyyət göstərdi. Şeyxülislam və müfti çarın Qafqaz canişini tərəfindən təyin edilirdi. Ruhani idarələrin fəaliyyəti isə çarizm üsulu-idarəsi tərəfindən istiqamətləndirilirdi. Bunlar dövlət idarəsinin bir qolu sayılırdı, ruhanilər isə çar məmurlarına bərabər tutulurdu. İslam ideologiyasını imperiyanın səadəti naminə xeyirxah istiqamətə yönəltmək məqsədilə çarizm Qafqaz şiə və sünni ruhanilərinin idarə olunması haqqında xüsusi nizamnamə də elan etdi. Həmin nizamnaməyə görə, buraya (şiəlikdə) şeyxülislamlar qazilər və axundlar, sünnilikdə isə müftilər, imam-xətiblər, əfəndilər, habelə hər iki cərəyana daxil olan sıravi mollalar, müəzzinlər, İslam dininin müxtəlif məddahları, seyyidlər, mürşidlər və b. daxil idi. 1920-ci ilə qədər Qafqazda, o cümlədən Azərbaycanda müsəlman ruhaniləri iki dərəcəyə bölünürdü: şeyxülislam, müfti və s. şiə və sünni ruhani idarələrinin, quberniya ruhani məclislərinin üzvləri; məscid mollaları. Bununla yanaşı olaraq, ruhanilər dini ideologiya, ehkam və əməli həyat məsələlərini həll etmək və onlara dini, ictimai qiymət vermək səlahiyyəti baxımından üç zümrəyə aid edilirdi: 1- ci ali zümrəyə Qafqaz Ruhani idarələrinin başçıları - şeyxülislam və müftilər; 2 - ci orta zümrəyə quberniya ruhani məscidlərinin üzvləri və qazilər; 3 - cü aşağı zümrəyə isə yerli məscid mollaları (axundlar, imam-xətiblər, müəzzinlər, mükəbbirlər), əməleyi-movtlar (yas mərasimini aparanlar) və s. daxil idi.
Bakı və Gəncə (o zamankı Yelizavetpol) quberniyalalarının hər birində şiə və sünni cərəyanlarına aid olan və yanaşı fəaliyyət göstərən iki quberniya ruhani məclisinin sədrləri durdu. Hər məclisdə iki nəfər üzv və başqa məmurlar fəaliyyət göstərirdi. Məlumata görə, 1920-ci ilədək Zaqafqaziyada 23 nəfər şiə, 16 nəfər isə sünni qazisi olub. 1823-cü ildən bu günə kimi 12 şeyxülislamımız və 11 müftimiz olub. Onların adları, şeyxülislamlıq və müftilik dövrləri aşağıdakı siyahılarda göstərilib:

Şeyxlərimiz

Müftilərimiz

1. Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə - 1823-1846.

1. Müfti Tacuddin Mustafin - 1832-1840

2. Şeyxülislam Fazil İrəvani - 1847-1872.

2. Müfti Osman Əfəndi Vəlizadə - 1842-1847

3. Şeyxülislam Axund Əhməd Hüseynzadə - 1852-1884.

3. Müfti Məhəmməd Əfəndi Müftizadə - 1847-1880

4. Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə - 1885-1894.

4. Müfti Əbdülhəmid Əfəndizadə - 1872-1880 (Şamaxı müftisi)

5. Şeyxülislam Əbdüssəlam Axundzadə - 1895-1907.

5. Müfti Hüseyn Qayıbzadə - 1883-1917

6. Şeyxülislam Hacı Məhəmməd Həsən Mövləzadə Şəkavi - 1907-1909.

6. Müti Hacı İbrahim Əfəndi Əfəndizadə - 1944-1955

7. Şeyxülislam Axund Məhəmməd Fərəculla Pişnamazzadə - 1909-1918.

7. Müfti Əsədulla Dibirov - 1956-1959

8. Şeyxülislam Axund Ağa Əlizadə - 1918-1920; 1944-1954.

8. Müfti Şərif Əfəndi Vəlizadə - 1960-1966

9. Şeyxülislam Axund Şeyxmöhsün Həkimzadə - 1954-1966.

9. Müfti Əhməd Əfəndi Bozgəziyev - 1968-1969

10. Şeyxülislam Axund Əliağa Süleymanzadə - 1968-1976.

10. Müfti Hacı İsmayıl Əhmədov - 1969-1986

11. Şeyxülislam Axund Mirqəzənfər İbrahimov - 1978-1980.

11. Müfti Hacı Salman Musayev 1989-cu ildən...

12. Şeyxülislam Hacı Allahşükür Paşazadə - 1980-cı ildən...



  Şeyxülislamlarımız

"Şeyxülislam" ərəb sözüdür: "şeyx" - "qoca kişi", "İslam" isə dinin adıdır. Mənası - İslam aləmində "qocalan nüfuzlu alim", "mürşid", "İslamın şeyxi" deməkdir. "Şeyxülislam" şərəfli rütbədir. Bu ad əsasən fəqihlərə (müsəlman hüququnu bilən), fiqhin bilicilərinə verilir. "Fiqh" də ərəb sözüdür, mənası "başa düşmək", "bilmək" deməkdir. "Füqəha" isə müsəlman hüququnu bilənlərə - fiqhin bilicilərinə deyilir. Fiqh məsələlərinin həlli ilə məşğul olan, fiqhdən dərs deyən və ya sadəcə bu sahədə müvafiq təhsil alan və fiqh baxımından cəmiyyətin müxtəlif məsələləri barəsində mühakimələr yürüdən adama fəqih deyilir. Fəqihin dini təlimə rəhbərlik emək hüququ olduğu üçün bu sahədə rəhbər vəzifəni aparan şəxsə "şeyxülislam" rütbəsi verilir. Əvvəllər şeyxülislam rütbəsi əsasən dövlət başçılarının məsləhəti, zəmanəti ilə din rəhbərlərinə verilərdi. Son illərdə isə şeyxülislam həmin rütbəyə seçki üsulu ilə (dini qurultaylarda səsvermə yolu ilə) seçilir.
Qafqazda ilk şeyxülislam rütbəsi 1823-cü ildə təsis edilib:

1.Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə - 1823-1846.
2.Şeyxülislam Fazil İrəvani - 1847-1862
3.Şeyxülislam Axund Əhməd Hüseynzadə - 1862-1884.
4.Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə - 1885-1894.
5.Şeyxülislam Əbdüssəlam Axundzadə - 1895-1907.
6.Şeyxülislam Hacı Məhəmməd Həsən Mövlazadə Şəkavi - 1907-1909.
7.Şeyxülislam Axund Məhəmməd Fərəculla Pişnamazzadə - 1909-1918.
8.Şeyxülislam Axund Ağa Əlizadə - 1918-1920; 1944-1954.
9.Şeyxülislam Axund Şeyxmöhsün  Həkimzadə - 1954-1966.
10.Şeyxülislam Axund Əliağa Süleymanzadə - 1968-1976.
11.Şeyxülislam Axund Mirqəzənfər İbrahimov - 1978-1979
12.Şeyxülislam Hacı Allahşükür Paşazadə - 1980-cı ildən...

Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə

1823-cü ildə Qafqaz (Zaqafqaziya) şiələrinə (dini) başçılıq etmək üçün Rusiya imperiyası tərəfindən təsis edilən ilk şeyxülislam rütbəsinə Axund Məhəmmədəli Hüseynzadə təyin edilib. O, Azərbaycanın görkəmli publisisti, rəssam və yazıçısı Əlibəy Hüseynzadənin ana tərəfdən babasıdır.
Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə 1852-ci ilə kimi Qafqaz (Zaqafqaziya) Ali Ruhani İdarəsinə rəhbərlik edib. Dini idarə o zaman Qafqazın iqtisadi və siyasi mərkəzi olan Tiflis şəhərində yerləşirdi.

   Şeyxülislam Fazil İrəvani

Şeyxülislam Fazil İrəvani haqqında yazılı sənəd tapa bilmədiyimiz üçün ətraflı məlumat verə bilmirik. Bəzi məlumatlara görə, o, 1847-1852-ci illərdə İrəvanda şeyxülislam olub.

  Şeyxülislam Axund Əhməd Hüseynzadə

Şeyxülislam Məhəmmədəli Hüseynzadə 1852-ci ildə vəfat etdikdən sonra həmin vəzifəyə onun oğlu Axund Əhməd Hüseynzadə (Səlyani) təyin edilir. Görkəmli ilahiyyatçı kimi tanınan bu şəxs ərəb və fars dillərini mükəmməl bilib. Çoxlu dini məzmunlu əsərləri ilə yanaşı ədəbiyyat, tarix , tərbiyə məsələlərindən bəhs edən sanballı elmi kitabların da müəllifi olub. Onun kitabları böyük tirajla nəşr olunub.
O, 1884-cü ilə kimi şeyxülislam vəzifəsini icra edib.
 
Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə

XIX əsrdə yaşamış Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə dövrünün qabaqcıl maarifçisi, elm və din xadimi idi. Şərq və Avropa mədəniyyətinə mükəmməl bələd olan alimin adı bütün Qafqazda hörmətlə çəkilərdi.
Şeyxülislam Axund Mirzə Həsən 1837-ci ildə Şuşada anadan olub, ilk təhsilini ailədə, sonra isə Şuşa qəza məktəbində alıb. Elm və maarif həvəskarı olan Mirzə Həsən ali ruhani təhsil almaq üçün Təbrizə göndərilib, burada ərəb, fars, tatar və türk dillərinə yiyələnib. Təhsilini başa vurandan sonra ona dini məktəb açmağa icazə verilib. O, məktəbin müdiri və müəllimi kimi geniş fəaliyyət göstərib. Bir müddətdən sonra "Axund" rütbəsi alan Mirzə Həsən vətənə qayıdıb və Cəbrayıl qəzasının Qarğabazar kəndində məktəb açıb, uşaqlara dərs deyib.
Şeyxülislam Axund Mirzə Həsən 1878-ci ildə Peterburq Universitetinin fars dili və ədəbiyyatı kafedrasına müəllim kimi işə başlayır. O, 1885-ci ildə Qafqaz şeyxülislamı və Şiə Ruhani İdarəsinin sədri təyin edilir.
Bütün həyatı boyu öz xalqının mənafeyi naminə çalışan Şeyxülislam Axund Mirzə Həsən ömrünün sonunadək (1894-cü ilədək) bu vəzifəni icra edir.

Şeyxülislam Axund Əbdüssəlam Axundzadə

Şeyxülislam Axund Əbdüssəlam Axundzadə 1895-ci ildən 1907-ci ilə kimi Qafqaz (Zaqafqaziya) müsəlmanlarının şeyxülislamı vəzifəsini icra edib. O, dini ədəbiyyatın yayılmasına çox kömək edib, eyni zamanda dinə və şəriətə dair bir sıra kitablar yazaraq nəşr etdirib. Onun üç cildlik "Tarixi-müqəddəs-ənbiya","Risaleyi-Zübtədül əhkam" kitablarında müsəlmanların dini tələblərə uyğun olan itaətkar həyat tərzi təbliğ edilir. Onun Müsəlman birliyinə aid rəvayətləri və yazıları da mövcuddur.
Çar höküməti onu 1907-ci il noyabrın 18-də Qafqaz (Zaqafqaziya) Şiə Ruhani İdarəsinin sədri seçərək, ona şeyxülislam və mülki müşavir rütbəsi verib. O, dəfələrlə çar ordenlərinə layiq görülüb.
  Şeyxülislam Axund Əbdüssəlam Axundzadə 1907-ci ildə vəfat edib.

Şeyxülislam Hacı Məmmədhəsən Mövlazadə Şəkavi
 Azərbaycanın görkəmli elm və maarif xadimi, İslamın mahir bilicisi, məhşur din xadimi Şeyxülislam Hacı Məmmədhəsən Mövlazadə Şəkavi 1853-cü ildə Şəkidə Gəncəli məhəlləsində anadan olub. M.Mövlazadə əvvəlcə Şəki mollaxanasında, sonra isə Gəncə mədrəsəsində dini və dünyəvi təhsil alıb. O vaxt Tiflisdə çıxan rusdilli qaynaqlardan bəlli olur ki, M.Mövlazadə dərin savada, Quranı avazla oxumaqda qeyri-adi istedada malik bir insan kimi tanınıb.
O, əvvəlcə Tiflisdəki Müsəlman Ruhani məktəbində, sonra isə İranda ali dini təhsil alıb. Tiflisə qayıtdıqdan sonra orada - şeyxülislam məktəbində şəriət və fiqhdən dərs deyib. Şeyxülislam M.Mövlazadə İraqa, İrana və Səudiyyə Ərəbistanına səfərlər edərək, biliyini daha da təklimlləşdirib. Dərin biliyə malik olan Hacı Məmmədhəsən Tiflisdə Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarə heyətinin üzvü seçilib. Bundan sonra o, bir sıra ali ruhani vəzifələrdə işləyib. Axund rütbəsi alan Hacı Məmmədhəsən bir müddət qazi, 1907-ci ildən 1909-cü ilədək (Şeyxülislam Əhdüssəlam Axundzadənin vəfatından sonra) şeyxülislam əvəzçisi olub.
M. Mövlazadə ərəb, fars və türk dillərini mükəmməl bildiyi üçün Şərq ədəbiyyatı və tarixini dərindən öyrənməyə müvəffəq olub. Yuxarıda adları çəkilən dillərdə bir sıra kitabların müəllifidir.
Onun "Kitabü-əl-Bəyan, fitəfsiril-Quran" kitabı 1991-ci ildə Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsinin təşəbbüsü ilə Bakıda İslam əlifbası ilə nəşr olunub.
Şeyxülislam Hacı Məmmədhəsən Mövlazadə Şəkavi 1932-ci ildə Tiflisdə vəfat edib.

Şeyxülislam Axund Məhəmməd Fərculla Pişnamazzadə
 
Şeyxülislam Axund Əbdüssəlam Axundzadə vəfat etdikdən sonra şeyxülislam vəzifəsini icra edən və 1909 - cu ilə kimi Yelizavetpol (Gəncə) quberniya məclisinin sədri olan Axund Fərəculla Pişnamazzadə 6 il müddətinə bu vəzifəyə təsdiq edilib. Lakin o, bu müddət ərzində rus dilini öyrəndikdən və imperiyaya sadiqliyini göstərdikdən sonra, yalnız 1915 -ci il yanvarın 14-də çoxdan əvəzçilik üzrə icra etdiyi şeyxülislam vəzifəsinə təsdiq edilib.
 O, 1918-ci ilin fevralınadək bu vəzifəni icra etmişdir.

  Şeyxülislam Axund Ağa Əlizadə

Onun əsil adı Zeynalabidindir. Ali ruhanilik təhsilini başa vurub vətəninə qayıtdıqdan sonra xalq arasında ona Molla Ağa Axund deyərdilər. O, 1827-ci ildə Bakının Pirşağı kəndində, tanınmış ruhani Axund Molla Cavadın ailəsində dünyaya göz açıb.
Axund Molla Cavad dörd oğlunun dördünü də ruhani, üləma kimi görmək istəyirdi. Bu məqsədlə o, Bakı şəhərinə köçür, keçmiş Aşağı Priyutski küçəsində (sonralar Kamo adlanan, hal-hazırda S.Rəhimov) özünə üç mərtəbəli, yaraşıqlı bir bina tikdirir.
Qardaşlarından dərin zəkası ilə fərqlənən Zeynalabidini atası mollaxanaya qoyur. Mədrəsə təhsilini başa vurduqdan sonra o, ali ruhani təhsil almaqdan ötrü Ərəbistana gedir və Bağdad əyalətinin Nəcəfül-Əşrəf şəhərində təhsilini davam etdirir.
Yaxın Şərqdə yerləşən ali ruhani ocaqlarının müdavimləri ali ruhanilik rütbəsi almaqla bərabər, xüsusi bir ixtisasa da malik olurdular. Zeynalabidin də ali ruhani olmaqla bərabər təbabət elmini seçmişdi.
1896-cı ildə təhsilini başa vuran Zeynalabidin "Axund" rütbəsi ilə Bakı şəhərinə qayıdır. Qafqazın (Zaqafqaziya) şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin və Bakı qazisinin vəkaləti ilə onu "Təzə Pir" məscidinə axund təyin edirlər.
Molla Ağa Axund 1899-cu ildən 1927-ci ilə kimi müxtəlif ruhani vəzifələrə seçki yolu ilə seçilib.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin elan olunmasından sonra Azərbaycan hökumətinin qarşısında belə bir məsələ durur: Tiflis şəhərində yerləşən Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsi Bakı şəhərinə köçürülməli və 1917-ci ildə ləğv edilmiş şeyxülislamlıq vəzifəsi təsis olunmalıdır.
Beləliklə, 1918-ci ilin əvvəlində Ruhani İdarəsi Bakıya köçürüldü və Axund Molla Ağa Əlizadə ən yüksək ruhani rütbəsi olan şeyxülislamlığa yeganə namizəd oldu. O, eyni zamanda Məvarayi-Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri idi.
Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra din xadimlərinə qarşı hücumlar başlandı. Onları düşmən kimi tamamilə rədd və inkar etməyə başladılar. Yuxarıdan verilən hökmlər nəticəsində ağına-bozuna baxmadan bütün din xadimlərini quruluşa zidd qüvvələr kimi hər yerdən qovur, onlara müftəxor damğası vurur, hətta sinfi düşmən kimi məhv edirdilər. Həmin dövrdə Ağa Axund da hücum və təqiblərə məruz qalırdı.
Böyük Vətən müharibəsi illərində (1941-1945) əvvəllər ləğv edilmiş Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsi, nəhəyat bu müharibənin dəhşətlərinin dinin qüvvəsi ilə unudulmasını başa düşən bir qrup rəhbərin təklifi ilə (Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi) SSRİ ALİ Soveti Rəyasət Həyətinin 14 aprel 1944-cü il tarixli 17 saylı qərarı ilə 24 ildən sonra yenidən bərpa edildi.
1944-cü il mayın 25-28-də Zaqafqaziya müsəlmanlarının 1-ci qurultayı oldu. Qurultayda Axund Ağa Əlizadə ikinci dəfə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri seçildi.
Qurultayda Axund Ağa Əlizadəyə yenidən şeyxülislam dini rütbəsi verildi. İdarə sədri ata-baba mülkündə (indiki Süleyman Rəhimov küçəsindəki 70 saylı binada) yerləşdirildi. O, həmin vəzifəni ömrünün sonuna - 1954-cü ilə kimi icra edib.

  Şeyxülislam Axund Şeyxmöhsün  Həkimzadə

Şeyxülislam Axund Ağa Əlizadənin vəfatından sonra, bölgə müsəlmanlarının həmin ildə çağırılmış 3-cü qurultayında Sabirabad məscidinin axundu Şeyxmöhsün  Həkimzadə şeyxülislam seçilir. Sosializm quruculuğuna, dini ayinlər haqqında Sovet qanunvericiliyinə real münasibət bəsləyən, sülhsevərlik, əməksevərlik, dindarların öz vətəndaşlıq borclarını namusla yerinə yetirməsini təbliğ edən, yüksək natiqlik bacarığı olan bu din xadimi mömin müsəlmanlar arasında böyük nüfuza malik olub.
 O, 1966-cı ildə vəfat edib.

  Şeyxülislam Molla Əliağa Süleymanzadə

Şeyxülislam Axund Şeyxmöhsün  Həkimzadənin vəfatından sonra iki il həmin vəzifə boş qalır. Yalnız 1968-ci ildə Qafqaz (Zaqafqaziya) müsəlmanlarının 4-cü qurultayında bu vəzifəyə Bakının "Təzə Pir" məscidinin axundu Molla Əliağa Süleymanzadə seçilir.
Şeyxülislam Molla Əliağa Süleymanzadə çox mülayim xasiyyətli, Sovet quruluşuna hörmətlə yanaşan, xarici qonaqlarla söhbətlərində, habelə məscidlərdəki moizələrində daim xeyirxahlığı və sülhü təbliğ edən bir din xadimi olub. O, yaxşı ilahiyyat alimi olmasına baxmayaraq, natiqlik qabiliyyəti və səsi olmadığından dini təbliğ etməkdə çətinlik çəkirdi; fəqət, dindarlar ona paklığına və sakit təbiətli olmasına görə hörmət edirdilər.
Şeyxülislam Molla Əliağa Süleymanzadə ömrünün sonuna - 1976-cı ilə kimi Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri vəzifəsini icra edib.

  Şeyxülislam Axund Mirqəzənfər İbrahimov

Molla Əliağa Süleymanzadənin vəfatından sonra Zaqafqaziya müsəlmanlarının 1977-ci ildə çağırılmış 7-ci qurultayında Göyçay məscidinin axundu Mirqəzənfər İbrahimov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin yeni sədri - şeyxülislam seçilir. Kamil dini biliyi olmayan, öz dilavərliyi ilə tanınan, lakin mövcud olan sosialist gerçəkliyinə real yanaşan, dindarları fanatizmdən çəkindirməyə çalışan Mirqəzənfər İbrahimov 1980-ci ildə vəfat etmişdir.

  Şeyxülislam Hacı Allahşükür Paşazadə 

Allahşükür Hümmət oğlu Paşazadə 1949-cu ilin 26 avqust tarixində Azərbaycan Respubliksı Lənkəran rayonunun Cil kəndində kəndli ailəsində doğulmuşdur. Yerli ağsaqqallardan gizli şəkildə dini biliklər öyrənən A. Paşazadə 1968-70-ci illərdə Buxarada “Mir Ərəb” mədrəsəsində təhsil almışdır. 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsinə daxil olmuş və 1975-ci ildə buranı müvəfəqiyyətlə bitirərək tam ali dini təhsilə yiyələnmişdir.
1975-ci ildə Qafqaz Müsəlmanları İdarəsində məsul katib, 1978-ci ildən “Təzəpir” məscidinin axundu, İdarənin sədr müavini vəzifələrində çalışmışdır. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilmiş və Şeyxülislam rütbəsi almışdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.
Qafqaz xalqlarının sülh məramlı niyyətlərinin tərəfdarı və müdafiəçisi olan A. Paşazadə 1986-cı ildə Bakıda keşirilən “Müsəlmanlar sülh uğrunda mübarizədə” Beynəlxalq İslam Konfransının təşəbbüskarı və onun daimi fəaliyyət göstərən komissiyasının sədridir.
A. Paşazadə 1987-ci ildə Moskvada keşirilən “Nüvə silahsız dünya, bəşəriyyətin xilası uğrunda” Beynəlxalq forumun təşəbbüskar qrupununn başçısı və həmsədri olmuşdur.
1989-cu ildə SSRİ Ali Sovetinin xalq deputatı seçilmişdir. 1990-1995-ci illərdə Azərbaycan Respubliksı Ali Sovetinin deputatı olmuşdur.
Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI qürultayında A. Paşazadə ömürlük Şeyxülislam seçilmişdir.
A. Paşazadə Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, “Vicdana çağırış” Beynəlxalq Fondu və bir sıra digər beynəlxalq təşkilatlarının rəyasət heyətinin üzvüdür.
A. Paşazadə 1992-ci ildə Qroznı şəhərində Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıgeyin din xadimləi tərəfindən yekdilliklə Qafqaz Xalqları Ali Dini Şurasının sədri vəzifəsinə seçilmişdir. 
Tolerantlıq kursunun ardıcıl tərəfdarı olan A. Paşazadə postsovet məkanında xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanması və inkişaf etdirilməsi naminə daima xoş məram nümayiş etdirmiş və əməli fəaliyyət göstərmişdişdir. A. Paşazadə MDB Dinlərarası Şurasının həmsədridir. Onun təşkilatçılığı ilə Tiblisidə “Qafqazda sülh uğrunda əməkdaşlıq” Beynəlxalq forumu (2002) baş tutmuşdur. A. Paşazadənin təşəbbüsü ilə Moskvada Beynəlxalq Dinlərarası Sülhyaratma forumu (2004), habelə din liderlərinin Ümumdünya sammiti (2006) keçirilmişdir.
A. Paşazadə Moskva və Ümumrusiya Patriarxı II Aleksi ilə birlikdə BMT yanında Dinlərin məşvərət şurasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Din xadimlərinin BMT Baş katibi Pan Gi Munla Moskvada gerçəkləşmiş görüşü zamanı bu ideyanın gerçəkləşməsi istiqamətində danışıqlar aparmış A. Paşazadə Nyu-Yorkda – BMT-nin mənzil qərərgahında BMT Baş katibinin müavini İbrahim Qəmbəri ilə ideyanın həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi etmişdir. Nəticə etibarı ilə, müsəlman, xristian və yəhudi din xadimlərinin ilkin mərhələdə YUNESKO nəzdində formalaşdırılması nəzərdə tutulan yüksək səviyyəli Məşvərət qrupunda A. Paşazadənin müsəlmanları təmsil edəcəyi qərara alınmışdır.
A. Paşazadə bu illərdə elmi fəaliyyətlə də məşğul olmuşdur. 1986-cı ildə İordaniya İslam Mədəniyyəti Kral Akademiyasına müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzv seçilmişdir. Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvüdür. O, həmçinin, 2008-ci ildə yaradılmış Benəlxalq Fiqh Təşkilatının təsisçilərindən biridir.
1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi almışdır.
Azərbaycan Ziyalıları Milli Elmi Yardıcılıq Qrumunun akademikidir.
Bakı Dövlət Universitetinin professorudur.
Tarix və ilahiyyat üzrə “Qafqazda islam”, “İslamda ümmət və şüubilik”, “Quranın təfsiri və tərcüməsi tarixi” monoqrafiyalarının, “Qurani-Kərimin ilahi hökmləri və öyrənilməsi”, “İslamda şəhidlik”, “Milli münasibətlər və din”, “Qurani-Kərimin ecazkarlığı”, “Qurani-Kərimdə insan təbiəti” mövzularında elmi əsərlərin və çox sayda məqalələrin müəllifidir. İslam tarixi abidələrinin, qədim əlyazmalarının üzə çıxarılması, mübadiləsi və s. Sahələrdə bir sıra elmi axtarışlar həyata keçirmişdir.
A. Paşazadə Azərbaycan Respubliksı Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspertlər Şurasının üzvüdür. O, onadək kitabın elmi redaktorudur.
A. Paşazadə 2005-ci ildə “Şeyxülislam ordeni”ni təsis etmişdir. Sülhün tolerantlığın bərqərar edilməsi, mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı istiqamətində böyük xidmətlərə görə təqdim edilən bu orden ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə (ölümündən sonra) təqdim olumuşdur. 
A. Paşazadə Azərbaycan respubliksı Prezidenti yanında Əfv Komissiyasının üzvüdür. 
 Dini maarifin, İslamın elmi şəkildə tədrisinin təəssübünü çəkən A. Paşazadə 1991-ci ildə Bakı İslam İnstitutunu təsis etmişdir. (1997-ci ildən unuversitet).
A. Paşazadənin böyük əhəmiyyətə malik dini-ictimai fəaliyyəti daima yüksək dəyərləndirilmiş və o, bir çox ali mükafatlarla təltif olunmuşdur: SSRİ-nin “Xalqlar dostluğu” ordeni (1988), Misirin I dərəcəli “Əl elm və əməl” (1992) ordeni, Azərbaycan Respublikasının “Şöhrət” (1994), “İstiqlal” (1999) ordenləri, Çeçen Respublikasının “Millət Qəhrəmanı” ordeni (1998), Pus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Vladimir” (2001) və I dərəcəli “Sergi Rodonnejski” (2005) ordnləri, Gürcüstan Respublikasının “Şərəf” (2002) ordeni, Vatikan dövlətinin “Müqəddəs Greqori” ordeni (2005), Rusiya Federasiyasının “Dostluq” (2006) ordeni, iordaniya krallığının I dərəcəli “Kral Hüseyn” ordeni (2007) və s.
2009-cu ildə anadan olmasının 60, Şeyxülislamlıq fəaliyyətinin 30 illiyi münasibətilə A. Paşazadə Azərbaycan Respublikasının “Şərəf” ordeni, Rusiya Federasiyasının “Şərəf ordeni”, Rus Pravoslav Kilsəsinin I dərəcəli “Şərəf və şöhrət” ordeni, Gürcüstan Respubliksının “Qızıl qoyun dərisi” ordeni, Bakı və Xəzəryanı Yeparxiyanın I dərəcəli “Müqəddəs Apostol Vorfolomey” ordeni, Şimali Qafqaz müsəlmanları Koordinasiya Mərkəzinin I dərəcəli “Ümmət qarşısında xidmətlərinə görə” ordenləri ilə təltif olunmuşdur.
2009-cu ilin iyununda A. Paşazadə MDB müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri seçilmişdir.
2009-cu ilin iyununda A. Paşazadə YUNESKO yanında yaradılan din xadimlərinin yüksək səviyyəli məşvərət qrupunun üzvü seçilmişdir.
2010-cu ildə A. Paşazadənin, MDB Dinlərarası Şurasının həmsədri olaraq təşkilatçılığı ilə Bakıda dini liderlərin Ümumdünya Sammiti keçirilmiçdir.

Müftilərimiz

"Müfti" ərəb sözüdür. Mənası - "müxtəlif dini hüquqi məsələlər barəsində qərarlar çıxaran" (fətva verən) deməkdir. Müfti dini məhkəmə sistemində vəzifəli şəxs olmaqla yanaşı, sünni məzhəbinə malik müsəlmanların dini başçısı, rəhbəri sayılır.
Müfti qazilərin iş təcrübəsindəki oxşar hadisələrdən istifadə edərkən, onların arasında dini-hüquqi məsələlər barəsində qərarlar çıxarıb ruhani təşkilatına vermək hüququna malikdir. Hazırda hər bir müsəlman dövlətində, o cümlədən də Azərbaycanda ölkənin Baş müftisi vardır. Əslində, o, icmanın başçısıdır, çox böyük nüfuza malik şəxsiyyətdir.
Qafqazda sünni İslam cərəyanına mənsub olan müsəlmanların ilk müftilik rütbəsi 1832-ci ildə təsis edilib. İndiyə kimi 10 nəfər müftimiz olub. Onların müftilik dövrü aşağıdakı siyahıda verilib:

1. Müfti Tacuddin Mustafin - 1832-1840
2. Müfti Osman Əfəndi Vəlizadə - 1842-1847
3. Müfti Məhəmməd Əfəndi Müftizadə - 1847-1880
4. Müfti Əbdülhəmid Əfəndizadə - 1872-1880 (Şamaxı müftisi)
5. Müfti Hüseyn Qayıbzadə - 1883-1917
6. Müfti Hacı İbrahim Əfəndi Əfəndizadə - 1944-1955
7. Müfti Əsədulla Dibirov - 1956-1959
8. Müfti Şərif Əfəndi Vəlizadə - 1960-1966
9. Müfti Əhməd Əfəndi Bozgəziyev - 1968-1969
10. Müfti Hacı İsmayıl Əhmədov - 1969-1986.
11. Müfti Hacı Salman Musayev 1989-cu ildən...

Müfti Tacuddin Mustafin
Qafqazın sünni İslam cərəyanına mənsub olan müsəlmanların ilk müftisini 1832-ci ildə çar generalı Roze təklif edib. Bu şəxs hərbi hissədə yenicə kapitan rütbəsini alan Tacuddin Mustafin idi. O, Kazan şəhərindən çar ordusunun kapitanı vəzifəsindən Tiflisə dəvət edilmişdi.
Tacuddin Mustafin Şeyx Şamillə ümumi dil tapa bilmədiyi üçün az vaxtda hörmətini itirir və 1840-cı ildə vəzifəsindən azad edilir.

Müfti Osman Əfəndi Vəlizadə
Müfti Tacuddin Mustafin vəzifəsindən azad edildikdən sonra, 1842-ci ildə general Qolovinin təklifi ilə görkəmli Azərbaycan şairi Molla Vəli Vidadinin oğlu Osman Əfəndi Vəlizadə Qafqazın (Zaqafqaziyanın) 2-ci müftisi təyin edilir. O, 1847-ci ildə vəfat edib.

Müfti Məhəmməd Əfəndi Müftizadə
Osman Əfəndi Vəlizadə vəfat etdikdən sonra onun yerinə oğlu Məhəmməd Əfəndi Müftizadə təyin edilir. Məhəmməd Əfəndi dövrünün ən nüfuzlu ilahiyyatçılarından biri olub. 1867-68-ci illərdə Şamaxıya gedib və orada Seyyid Əzim Şirvani ilə görüşüb. Məhəmməd Əfəndi Müftizadə 1847-ci ildən ömrünün axırınadək, yəni 1880-ci ilə kimi Tiflisdə Ruhani İdarəsində Qafqaz (Zaqafqaziya) sünni müsəlmanlarının müftisi vəzifəsini icra edib.

  Müfti Əbdülhəmid Əfəndizadə
  Müfti Əbdülhəmid Əfəndizadə 1812-ci il aprel ayının 15-də Şamaxıda anadan olub. 10 yaşında təhsilə başlayan Əbdülhəmid məktəbi bitirdikdən sonra (17 yaşında) əmisi Hacı Əli Əfəndizadənin dərs dediyi Şamaxı mədrəsəsinə daxil olub və burada Şərq dillərinə yiyələnib.
  Mədrəsə təhsilini bitirdikdən sonra əmisi ilə bir yerdə işləməyə başlayan Ə. Əfəndizadə maarif sahəsində gedikcə şöhrət qazanır. Əmisinin məsləhəti ilə o, 1849-cu il fevralın 22-də dövlət məktəbinə işə götürülür və şəriət müəllimi vəzifəsini icra edir.
 Ə. Əfəndizadə məkdəbdə işlədiyi zaman Azərbaycan, fars və ərəb dillərindən əlavə, fransız dilinin incəliklərini də şagirdlərə öyrədə bilib. Sonralar onun işlədiyi dövlət məktəbi müəyyən səbəblərə görə bağlanır. Ə. Əfəndizadə 1860-cı ilin əvvəlində Məkkənin ziyarət edib hacı titulunu qazanır. 1864-cü il yanvarın 16-da Şamaxı Ruhani İdarəsinə sədr və qazi təyin edilir. O, fəaliyyətinə görə canişinlik tərəfindən brilyant qaşlı üzüklə mükafatlandırılıb.
Müfti Ə. Əfəndizadə 1872-ci il dekabrın əvvəllərində Qafqaz (Zaqafqaziya) Sünni Əhli İdarəsinin sədri vəzifəsinə təyin olunduğundan Tiflisə köçür.
  O, 1880-ci il dekabr ayının 10-da Tiflisdə vəfat edib.

  Müfti Hüseyn Qayıbzadə
  Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax qəzasının Salahlı kəndində anadan olub. Uşaq yaşlarından ata-anadan yetim qalıb və kənd mollası - əmisi İbrahim Əfəndinin himayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alan Hüseyn dini elmlərlə yanaşı, ərəb, fars və türk dillərini, həmçinin Şərq ədəbiyyatı və tarixini də mükəmməl öyrənə bilir. O, 17 yaşında ikən oxuduğu Salahlı kənd məktəbində müəllim saxlanılır. 1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd Əfəndi H. Qayıbzadənin Tiflisdəki üçillik müsəlman ruhani məktəbində işə düzəlməsinə nail olur. O, 1858-ci ilin fevralında burada şəriətdən və Şərq dillərindən dərs deməyə başlayır.
  Müfti Hüseyn Qayıbzadə 1879-cu ildən 1883-cü ilə kimi Qori müəllimlər seminariyasında işləyib. O, Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açır, sonralar - XX əsrin əvvəllərində isə buranı genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir.
  Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil alması qayğısına da qalıb. Bu çətin işdə özü əvvəlcə şəxsi nümunə göstərir və iki qızını Nigar və Cövhəri oxutdurur.
O, 1883-cü ilin axırlarında müəllimlikdən azad edilərək Qafqaz müftisi təyin olunur və 1917-ci ilin martınadək bu vəzifədə çalışır.
  H. Qayıbzadə bir neçə məqalənin və kitabın müəllifi kimi də tanınır. O, müsəlman mədrəsəsində keçilmək üçün riyaziyyata dair "Məsaili-ammil-hesab" (Hesab ümumi məsələləri) və ana dilini təzə öyrənənlər üçün "Məbdəyi-təlimi-sibyan" (“Yeniyetmələr üçün başlanğıc") adlı dərs vəsaitləri də hazırlayıb. H. Qayıbzadə təkcə maarif sahəsində deyil, ədəbiyyatşünaslıq səhasində də xeyli işlər görüb. O, çoxlu atalar sözü, zərb-məsəllər, hikmətli sözlər toplayaraq 9 hissədən ibarət "Tövsiyyətnamə" kitabını yazıb. Eyni zamanda, XVIII-XIX əsrlərdə yaşamış 109 Azərbaycan şairinin əsərlərindən ibarət dörd cildlik antologiya tərtib edib. Yüksək imtiyazlara malik olan H. Qayıbovun sinəsini çoxlu çar orden və medalları bəzəyib.
  H. Qayıbzadə qızların yeni məktəblərdə təhsil almalarına təşəbbüs göstərərək, öz arvadı Səadət xanıma Qafqaz Qadınlarının Xeyriyyə Cəmiyyətində iştirak etməyə icazə verir, qızları Nigar (sonralar general Ə. Şıxlinskinin xanımı) və Gövhər xanımı (sonralar general Usubovun xanımı) rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda oxutdurur. Nigar xanımın 1889-cu ildə, Gövhər xanım isə 1903-cü ildə həmin institutu qızıl medalla bitirirlər.
Müfti Hüseyn Qayıbzadə 1917-ci ilin martında Tiflisdə vəfat edib. Onun vəfatından sonra çar üsuli-idarəsi dağıldığı üçün Qafqaz (Zaqafqaziya) Ruhani İdarəsi də öz funksiyasını itirir. Demək olar ki, respublikamızda da 1920-ci ildən 1944-cü ilə kimi müftilik vəzifəsi olmayıb.

  Müfti Hacı İbrahim Əfəndi Əfəndizadə
  1944-cü ildə Qafqaz (Zaqafqaziya) müsəlmanlarının növbəti (SSRİ tərkibində birinci) qurultayında Hacı İbrahim Əfəndi Əfəndizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini - Baş müfti seçilir və ömrünün sonuna (1956-cı ilə) kimi bu vəzifəni icra edir. O, ilahiyyat elminə mükəmməl bələd olan, dinin ayinlərini, şəriətin tələblərini yaxşı təbliğ edən din xadimi kimi ad qazanıb. Sülhü müdafiə etmiş, nüvə silahına qarşı Ümumdünya Sülh Şurasının çağırışlarını alqışlamış, ABŞ-ın Koreyaya hərbi müdaxiləsini pisləmiş, dindarları sülhə, əminamanlığa, halal zəhmətə səsləyib.
  Müfti Hacı İbrahim Əfəndi Əfəndizadə 1956-cı ildə vəfat edib.

  Müfti Əsədulla Dibirov
Hacı İbrahim Əfəndi vəfat etdikdən sonra, 1956-cı ildə Zaqafqaziya müsəlmanlarının IV qurultayında Göyçay məscidinin imamı Əsədulla Dibirov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə müfti seçilir. O, 1959-cu ilə qədər bu vəzifəni icra edib. Çalışdığı müddətdə sünni və şiə dindarları arasında ayrı-seçkiliyi pisləyib, müsəlmanları həmişə birliyə və sülhə çağırıb.

  Müfti Şərif Əfəndi Vəlizadə
Qafqaz (Zaqafqaziya) müsəlmanlarının V qurultayında (1960-cı il) Göyçay məscidinin imamı Şərif Əfəndi Vəlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini - müfti seçilir. Yaxşı dini məlumata və nitq qabiliyyətinə malik olan Şərif Əfəndi daim müasirləşmənin tərəfdarı olub. O, deyib: "Köhnəlmiş dini tələbləri təzələməsək dinimiz əldən gedər, dindarlar bizdən üz döndərər".
Ateizm təbliğatına müqavimət göstərməyin tərəfdarı olub. O, ateizmi "məscidin günbəzinə dəyib kənara düşən" qoza bənzədib.
  Müfti Şərif Əfəndi 1966-cı ildə vəfat edib. Onun vəfatından sonra Ruhani İdarəsində müfti vəzifəsi iki il boş qalıb.

  Müfti Əhməd Əfəndi Bozgəziyev
1968-ci ildə Qafqaz (Zaqafqaziya) müsəlmanlarının VI qurultayında yüksək dini savada malik olan Əhməd Əfəndi Bozgəziyev Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini - müfti seçilir. O, mütaliə ilə məşğul olub dini baxışları müasir elmə isnad edərək əsaslandırmağı sevən bir insan olub. Orucluğun müalicəvi əhəmiyyətindən bəhs edən moizələrlə məscidlərdə çıxışlar edərək insanları mübarək Ramazan ayının fəziləti ilə bağlı maarifləndirməyə çalışıb. İslamın sosial ehkamlarını izah etməyə çalışıb, müasir dövlət quruluşunu ilkin müsəlman icmasının oxşarı hesab edib.
  Dini tələblərə ciddi əməl olunmasını əsas vacib şərt sayıb. Zahirən təkəbbürlü göründüyünə görə, dindarlar arasında bir o qədər də nüfuza malik olmayıb. Buna görə də, 1969-cu ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin plenumunda Müfti Əhməd Əfəndi Bozgəziyev müftilikdən kənar edilib.

  Müfti Hacı İsmayıl Əhmədov
  Müfti Hacı İsmayıl Əhmədov 1907-ci ildə Şəkidə anadan olub. 1916-18-ci illərdə Şəki ibtidai məktəbində, sonra şəhər məktəbində oxuyub. 1923-30-cu illərdə mədrəsə təhsili alıb. 1941-45-ci illərdə Vətən müharibəsinin iştirakçısı olub, bir çox orden və medallarla təltif olunub.
  1945-67-ci illərdə Şəki şəhər məişət kombinatında işləyən Hacı İsmayıl sonralar Bakıya köçüb və iki ilə yaxın "Hacı Əcdərbəy" məscidində (Göy məscid) mollalıq edib. 1969-cu ilin mayında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin plenumunda Hacı İsmayıl Əhmədov sədr müavini - müfti seçilir. Yüksək dini savadı olmayan yeni müfti öz mülayimliyi, dövlətə sadiqliyi ilə tanınırdı.
Moizə etməyə o qədər də həvəsi olmayıb, lakin xoş rəftarına görə, sünni dindarların rəğbətini qazana bilib.
  Müfti Hacı İsmayıl Əhmədov 1970 və 1973-cü illərdə Məkkəyə gedərək, Kəbəni ziyarət edib.
  O, 1986-cı ildə vəfat edib. Onun vəfatından sonra bu vəzifə 1989-cu ilə qədər boş qalıb.

  Müfti Hacı Salman Əfəndi Musayev

Müfti Hacı Salman Musa oğlu Musayev 1958-ci ildə Gürcüstanın Dumanisi rayonunun Hamamlı kəndində fəhlə ailəsində anadan olub. Özbəkistanın Buxara şəhərindəki Mir Ərəb mədrəsəsini, Daşkənd İslam İnstitutunu və Liviyadakı İslama Çağırış Universitetini bitirib. Əvvəlcə Tbilisi "Cümə" məscidində imam-xətib, sonra Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsinin xarici əlaqələr şöbəsində referent vəzifəsini icra edib.
Müfti Hacı Salman Əfəndi 1987-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini təyin edilir, 1989-cu il iyulun 25-də keçirilən Zaqafqaziya müsəlmanlarının IX qurultayında isə həmin idarəyə müfti vəzifəsinə seçilir.
  Müfti Hacı Salman Əfəndi müsəlmanlar arasında böyük hörmətə malikdir. Dünyanın əksər müsəlman ölkələrində keçirilən ali məclislərin iştirakçısı olub. Qazandığı hörmət və nüfuzuna görə, uzun müddət "Hacı Əcdərbəy" məscidinin imam-xətib vəzifəsi ona həvalə olunub.
  Dəfələrlə Məkkə ziyarətində olan Müfti Hacı Salman Əfəndi hal-hazırda bu vəzifəni icra edir.

ana səhifəyə geri dön

Sayt "Qafqaz Müsəlmanlar İdarəsi"-nə məxsusdur
Copyright 2010 www.qafqazislam.com. Bütün hüquqlar qorunur.
vebmasterlə əlaqə