|
|
﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ﴾
﴾ Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! ﴿;
(əl-Bəqərə 183).
|
|
|
|
|
| |
 |
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə
müqəddəs Ramazan ayı münasibətilə iftar
süfrəsi açmışdır
Sentyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı
münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar
mərasimində iştirak etmiş və çıxışında Azərbaycan vətəndaşlarını
mübarək Ramazan Bayramı münasibətilə təbrik etdi.
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri
də azərbaycan müsəlmanlarını bu münasibətlə təbrik etdilər.
Mərasimdə Şeyx həzrətləri çıxış etdi.
Bismillahir-rəhmanir-rəhim!
Zati aliləri möhtərəm cənab Prezident! Hörmətli qonaqlar!
Sizi, hər il olduğu kimi, bu il də müqəddəs kitabımız
Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək
Ramazan ayında salamlayır, iftar dəvətimi qəbul etdiyinizə və
buraya gəlməklə mənə, eləcə də bütövlükdə Azərbaycan
dindarlarına böyük sevinc bəxş etdiyinizə görə, hər birinizə,
xüsusilə cənab Prezident, Sizə dərin təşəkkürümü və
ehtiramımı bildirirəm.
|
Ramazan sevgi, mərhəmət, ruzi, dostluq, qardaşlıq və həmrəylik ayıdır. Belə bir ayda Prezident həzrətlərinin
bizimlə birgə iftar etməsi onun xalqımızla həmrəylinin, milli-mənəvi dəyərlərimizə yüksək qiymət verməsinin bariz
nümunəsi, həm də Azərbaycan müsəlmanlarına böyük hörmətinin göstəricisidir. Mən belə yüksək münasibətə görə
Azərbaycan dindarları adından və şeyxülislam kimi şəxsən öz adımdan Zati-alilərinizə dərin minnətdarlığımı bildirir və
Sizə ulu Tanrıdan cansağlığı, uzun ömür, səadət, Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə dəyərli fəaliyyətinizdə
yeni-yeni uğurlar arzulayıram.
Bu gün biz milli və dini mənsubiyyətdən asılı olmayaraq, Azərbayca adlı böyük bir ailənin bərabər hüquqlu
üzvləri kimi iftar süfrəsində bir araya gəlmişik. Deməli, bu, yalnız iftar süfrəsi deyil, həm də birliyimizin,
Prezidentimizin ətrafında sıx birləşməyimizin və tolerantlığımızın nümunəsidir. Biz bütün bunlara, ölkəmizdə sabitliyin
və sürətli inkişafın təmin olunmasına, eləcə də vətəndaş həmrəyliyinin, vicdan azadlığının və tolerantlığın qorunub
saxlanılmasına, inkişafına görə ulu öndər Heydər Əliyevə borcluyuq. Çünki bu böyük insan olmasaydı, nə bugünkü
inkişafımız, nə həmrəyliyimiz, nə də Azərbaycan adlı dövlətimiz olardı. Bu baxımdan Heydər Əliyev, - Allah ona rəhmət
eləsin, - təkcə dövlətimizin və xalqımızın deyil, eyni zamanda, milli-mənəvi dəyərlərimizin və gələcəyimizin xilaskarıdır.
Ümummilli liderimizin əvəzsiz xidmətləri nəticəsində Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması bizim
iftixarla söylədiyimiz həqiqət, xarici siyasətçilərin və diplomatların isə etiraf etdikləri həqiqətdir.
2009-cu ilin oktyabr ayında Bakıda keçiriləcək Dünya din liderlərinin sammiti dəfələrlə yüksək səviyyəli mötəbər
tədbirlərə ev sahibliyi etmiş ölkəmizin nüfuzunun daha da artmasının nümunəsidir. Bundan başqa, təşəbbüskarlarından
biri kimi, Azərbaycanın dini liderinin təklifi ilə Birləşmiş Millətlər Təşkilatı nəzdində Dinlərin Məşvərət Şurasının
yaradılmasının və BMT rəhbərliyi tərəfindən dəstəklənməsinin özü də Azərbaycanın, Zati-alilləri, Sizin dünya birliyi
səviyyəsində yüksək mövqeyinizin bariz göstəricisidir.
Mən ümummilli liderimizin ruhu qarşısında baş əyib, böyük Allahdan ona rəhmət diləyir, qürur hissi ilə bəyan
edirəm ki, Heydər Əliyev həzrətlərinin yolunu bu gün, sözün əsl mənasında, onun layiqli varisi olan Prezident İlham
Əliyev həzrətləri uğurla davam etdirir. Bu gün Azərbaycan təkcə iqtisadi göstəricilərinə və ictimai-siyasi sabitliyinə görə
deyil, həm də dini durumun və tolerantlığın səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət
baxımından regionun lider dövlətidir.
İlham Əliyev həzrətləri milli-mənəvi dəyərlərimizin və dini abidələrimizin himayəçisi kimi böyük tarixə malik
məscid və ziyarətgahlarımızın bərpası sahəsində ardıcıl tədbirlər həyata keçirir. Bərpası artıq başa çatmış Bibiheybət
ziyarətgahını, əsaslı təmiri hələ davam edən Təzəpir, Əjdərbəy məscidlərinin, eləcə də digər məscidlərin, dini
ocaqların, həmçinin sinaqoq və kilsələrdə aparılan tikinti-bərpa işlərini görəndə bir Azərbaycan vətəndaşı kimi fərəh
hissi keçirməmək mümkün deyildir. Bu sahədə milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın məqsədyönlü və ardıcıl fəaliyyəti də xüsusi qeyd edilməlidir. YUNESKO-nun qərarı ilə Bakı şəhərinin
2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi bilavasitə Azərbaycanın birinci xanımının əməyinin
bəhrəsidir.
Azərbaycanda əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq, digər konfessiyaların
mənsublarına – xristianlara, yəhudilərə və başqa dinlərin nümayədələrinə bərabər şərait yaradılır, onların öz inanc və
etiqadlarına uyğun yaşamaları üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülür. Möhtərəm Prezident!
Azərbaycan dindarları Zati-alilərinizin gərgin əməyi və yüksək bacarığı sayəsində ölkəmizin çətin sınaqlardan
uğurla çıxdığını çox gözəl bilirlər. Biz onu da bilirik ki, Azərbaycanı, ölkəmizin sürətlə inkişafını və bölgənin lider
dövlətinə çevrilməsini istəməyən, hər vəchlə bunun qarşısını almağa çalışan qüvvələr də var. Təəssüf ki, bu qüvvələr
qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün din amilindən istifadə etməkdən, dinlər və məzhəblər arasında
qarşıdurma yaratmaqdan da çəkinmirlər.
Zati-aliləri, Sizi əmin edirik ki, rəhbərliyiniz altında sürətlə inkişaf edən dövlətimizi öz yolundan döndərmək,
cəmiyyətdəki ictimai-siyasi sabitliyi pozmaq, eləcə də dini durumda və bu cəmiyyətin fəal qüvvəsi olan dindarlar
arasında gərginlik yaratmaq cəhdləri Yaradanın köməyi ilə əsla baş tutmayacaqdır.
Biz inanırıq ki, inşallah, Zati-alilərinizin doğma Azərbaycanımızla bağlı bütün arzuları və ideyaları
reallaşacaqdır.
Ulu öndər Heydər Əliyevin arzuladığı kimi, Qarabağ düyünü açılacaq, Azərbaycanın ərazi bütövlüyü Sizin
rəhbərliyinizlə təmin olunacaqdır. Ramazan həm də bərəkət və uğur ayıdır. Mən dua edirəm ki, Ramazan ayının bərəkəti xalqımızın və Zati-
alilərinizin üzərindən əskik olmasın. İnşallah. Möhtərəm cənab Prezident! Hörmətli qonaqlar!
Din qardaşlarım!
Hörmətli səfirlər!
Sizi səmimi qəlbdən bir daha salamlayır, təşəkkürümü bildirirəm.
Zati-aliləri, Sizə Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Allah köməyiniz olsun!
|
|
|