İslam və ətraf mühit
Ətraf mühiti qorumağın ən mühüm mövzularından biri də heç şübhəsiz ki, ağacların, meşələrin, yaşıl sahələrin və hər cür canlı növünün mühafizə edilməsidir. Bu sahələrin qorunması ilə bağlı olaraq həm əxlaqi, həm də hüquqi prinsiplər diqqətimizi çəkməkdədir.
Qurani-Kərimə nəzər saldığımız zaman təkcə "ağac" sözünün müxtəlif şəkildə işləndiyini görərik. Düzdür, Quranda birbaşa "ağac əkin",- deyə buyrulmamışdır. Bununla belə, ağac, bağ-baxçalardan o qədər çox və axıcı bir üslubla bəhs olunur ki, bu da hər insanda təbiətə hədsiz məhəbbət hissi aşılayır.
Qeyd edək ki, Quranda "ağac" sözünə 26 dəfə təsadüf edərkən, bağ və baxça mənasındakı "cənnət" kəlməsi isə təxminən 146 dəfə işlənilir. Müqəddəs kitabda buyurulur: "Hər biri meyvə verdiyi zaman meyvələrinin haqqını (zəkat və fitrəsini) verin, ancaq israf etməyin. –ünki Allah israf edənləri sevmir".
Ayədən göründüyü kimi, bizlərdən ətrafımızdakı aləmə fərqli bir şəkildə baxmağımız istənilir. Necə ki, bütün məxluqat malik olduğu sistem və ekoloji səviyyə ilə öz Yaradıcısından asılıdır.
İnsan Allahın yer üzündəki "nümayəndəsi" - xəlifəsidir. "Xəlifə" sözü isə hərfi mənada vəkil deməkdir. Yəni Allah-Təala yer üzünə görə insanın boynuna ayrıca bir məsuliyyət qoymuşdur; yer üzünü tək bir varlıq (insan) olaraq qorumaq. Demək, insanın bu aləmi müəyyən bir qayda-qanun, müvazinət və ahənglə yaradan Allahın əmanətinə xəyanət etməyə heç bir halda haqqı çatmır. Lakin əfsuslar olsun ki, çox vaxt bunun əksi ilə rastlaşırıq.
Peyğəmbərimizin (s) əksər hədislərində ağac əkməyə, onları qorumağa, meşələr salmağa, mövcud yaşıllıqları qoruyub saxlamağa olduqca böyük əhəmiyyət verildiyi açıq-aydın görünür. Rəsuli-Əkrəm (s) buyurub: "Kim ağac əkmək işində iştirak edərsə, Allah-Təala onun üçün ağacdan hasil olan məhsul miqdarında savab yazar".
İslam tarixçiləri qeyd edirlər ki, Məhəmməd peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etdikdən az sonra burada meşəsalma fəaliyyətinə başlayır. Həmçinin, hər cür canlının yaşadığı yaşıl sahələrin və meşələrin qorunmasını istəmiş, Mədinənin ətrafındakı 12 mil genişliyində olan bir sahəni qoruq elan etmiş və qorunmasının vacibliyini bildirmişdir. Bundan başqa, onun digər bölgələri də qoruq elan etməsi tarixdən bəllidir. Bütün bunlar İslamın səmavi bir din olaraq təbiətin qorunmasına nə qədər böyük önəm verdiyini göstərməkdədir.
İslam dini insanları daim təbiəti qorumağa, ona ögey münasibət bəsləməməyə səsləyir. –ünki hər şeydən əvvəl təbiəti qorumaqla insan özünü qorumuş olur. Təbiətə qarşı hər hansı bir laqeyd münasibət həmişə əks reaksiya ilə nəticələnib və bunu çağdaş günümüzdə daha aydın müşahidə etməkdəyik.
Ağac əkmək, yaşıllıqlar salmaq işi heç vaxt gec deyil. İslama görə, bu yöndə vaxt anlayışı ümumiyyətlə məntiqsizdir. Yəni imkan düşdükcə, həm də ömrün hər bir çağında insan təbiətin qayğısına qalmağı özünə mənəvi borc bilməlidir. Peyğəmbərimiz (s) bu xüsusda buyurub: "Əlinizdə bir acac fidanı varsa, Qiyamət qopmağa başlasa belə, əgər onu əkə biləcək qədər vaxtınız olsa, mütləq əkin".