Dua-qəlbin nidası
Elə bir insan tapılmaz ki, dua adlı ilahi bəxşişdən mütəmadi olaraq yararlanmasın. Xüsusən də çətinliyə düşəndə, ümid qapısı gec açılanda insanlar qeyri-iradi olaraq, bildikləri qaydada Yaradana üz tutub Ona dualar edir, Ondan mərhəmət umurlar.
Allah peyğəmbərlərinin hamısının ümmətləri, övladları və ən nəhayətdə isə özləri ilə bağlı dualar etməsi tarixdən də bəllidir. İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) daim öz ümmətinə görə Allaha dualar edər, onların bağışlanması üçün göz yaşı axıdaraq yalvararmış...
Saysız-hesabsız qədər dualar vardır: ruzi duası, şəfaət duası, qorxu duası və s. Hər dinə, şəriət və etiqada tapınan insanların Allah-Təalaya yanaşma - Ondan şəfaət diləmə formaları mövcuddur. Qədim şamanlar tonqal ətrafında toplaşaraq müəyyən ayinlərin icrası zamanı Yaradana dua edərmişlər. Yəhudilərlə xristianlar arasında bu baxımdan bir elə də fərq yoxdur. Əsasən kilsə və sinaqoqlarda şam yandırıb fərdi və ya kollektiv halda dualar edirlər.
İslamda isə duaetmə "əməliyyatı" bir qədər fərqlidir. Müsəlmanlar "qəliz" işlərlə rastlaşdıqda daha çox məscidlərə, pirlərə və s. müqəddəs yerlərə gedərək Allah-Təaladan umacaqlarını dilə gətirirlər. Müsəlmanlarda duanın əsasən iki - "yazılı" və "şifahi" formaları mövcuddur. Şifahi dua - əgər qəlbin istəyini dilə gətirmək və ya "səsiz" formada transfer etməkdirsə, yazılı dua isə "uzunmüddətli olduğundan bir çox hallarda şəxsin özündə saxlanılır.
İlahiyyatçılar dualardakı "ikilik"lə bağlı hər hansı fikir nümayiş etdirməməyə daha çox üstünlük verirlər. Lakin bununla belə, bir qrup bu qənaətdədir ki, yazılı duaların olması şəriət baxımından yolverilməzdir və eyni zamanda, nadanlıq əlamətidir. Yəni dualar yalnız dilə gətirilməklə (və ya qəlbin səsi ilə) olunmalıdır. Digər qrup isə bu fikrin tamam əleyhinədir və belə güman edirlər ki, şifahi edilən dualar kimi yazılı dualar da olduqca effektlidir. Hətta "yazılı"nın daha üstün təsirlərə malik olduğunu iddia edirlər. Lakin bunlardan hansı birinin reallığa uyğun olub-olmadığını hələ ki, qəti şəkildə söyləndiyinin şahidi olmamışıq.
Tarixi mənbələrdə göstərilir ki, Rəsuli-Əkrəmin (s) ən çox sevdiyi dualardan biri də "Coşən Kəbir" duası olmuşdur. Bu dua ilə bağlı tarixi rəvayətlərdə deyilir ki, iştirak etdiyi döyüşlərdə əyninə geydiyi zireh Peyğəmbərə (s) çox əziyyət verir. Və döyüşlərin birində Cəbrail (ə) adlı mələk ona nazil olaraq deyir: "Ya Məhəmməd, Allah-Təala sənə salam göndərir və buyurur: "Əynindəki zirehi çıxart və bu duanı (Coşən Kəbir) oxu. Ona görə ki, bu dua sənin və ümmətin üçün ən böyük zirehdir".
Bu duanın fəzilətləri haqda bir çox hədis və rəvayətlər mövcuddur. Onların birində deyilir: "Hər kəs bu duanı təmiz niyyətlə Ramazan ayının əvvəlində oxusa, Allah-Təala həmin şəxsə Qədr (əhya) gecələrinin mahiyyətini dərk etməyi əta edər. Həmçinin hər kəs bu duanı öz kəfəninə yazdırsa, Allah-Təala onu cəhənnəm odunda yandırmaqdan həya edər...".
Onu da diqqətinizə çatdırmaq istərdik ki, 100 fəsildən ibarət olan bu duada Allahın bütün gözəl adları xatırlanır.
Unutmayaq ki, bəndələrin Allah-Təala ilə rabitə saxlama yollarının ən başlıcalarından biri məhz duadır. Dua etməklə insan daxilən sakitləşir, qəlbini Allaha verərək bütün varlığıyla Yaradandan mərhəmət diləyir. Və heç şübhəsiz ki, edilən duanın qəbul olunması üçün hər şeydən əvvəl pak qəlb və sağlam ruhla çalışmaq, günahlardan tövbə etmək, nəfsi ilahi buyruğa uyğun olaraq tərbiyələndirmək başlıca amildir. İmam Sadiq (ə) bir hədisində buyurur: "–oxlu dua edin, çünki dua ilahi bəxşişlərin açarı, hər bir istəyə nail olmaq vasitəsidir".
Duasının qəbul olunmasını istəyən şəxs ilk növbədə zülm etməkdən, haram yeməkdən və kimsənin malını qəsb etməkdən uzaq olmalıdır. Peyğəmbərimiz (s) buyurub: "Hər kim duasının qəbul olunmasını istəyirsə, gərək yeməyini və qazancını pak etsin".
Şəriət qanunlarına görə, Peyğəmbərin (s) buyurduğu bu vacib vəzifəni yerinə yetirməyənlərin duaları qəbul olunmaz. Həmçinin, belə bir vəziyyətdə, yəni halal-haram itəndə cəmiyyətdə anormal hallar daha geniş vüsət alır.
Duanın qəbul olunma şərtlərindən biri də onun əməl və fəaliyyətlə yanaşı olmasıdır. Həzrəti Əli (ə) öz qısa kəlamlarında buyuyur: "Əməlsiz, fəaliyyətsiz dua edən şəxs kamansız ox atana bənzəyir".
Buradan belə başa düşülür ki, kamanın oxu hədəfə çatdırmasında əsas amil hərəkət olduğu kimi, duanın da qəbul olunmasında əsas səbəb əməldir.
Hər kəs ürəyi istədiyi duanı oxuya bilər. Kim nə qədər dua bilsə və onu icra etsə, bir o qədər savab qazanar. Bilənlər bilir, bilməyənlər üçün dualardan birini də biz deyirik: "La həvlə və la qüvvətə illah-billahil əliyyil əzim". (Uca və əzəmətli Allahdan başqa heç kəsdən qorxum yoxdur).
Allah-Təala buyurur ki, əllərinizi Mənim dərgahıma qaldıraraq dua edəndə, yəni nəyisə istəyəndə çox istəyin. Demək, gözəl Allahımızdan bacardıqca çox istəyək, təbii ki, çox dua etməklə. Amma istədiklərimizin yerinə yetirilib-yetirilməyəcəyi tamam bir ayrı məsələdir ki, bizlər bilə bilmərik.