Dəstəmaz

Dəstəmazdan qabaq bədən üzvləri (əl, üz, ayaq və s.) pak olmalıdır. Dəstəmaz vaxtı onlar quru olmalıdır. Dəstəmaz pozularsa, namaz qılmaq üçün yenidən dəstəmaz almaq lazımdır. Namaz üstə dəstəmaz pozularsa, namaz batil olur. Buna görə, yenidən dəstəmaz almaq vacibdir.

Aşağıdakı hallar dəstəmazı pozur (batil edir):

- yel ayrılma, nəcis, sidik;

- yuxulu olma;

- huşu itirmə, keflənmə, dəlilik;

- cunub olmaq (yuxuda və ya cinsi əlaqədə);

- heyz, nifas, istihazə zamanı (qadınlara aiddir)

Namaz qılan adama dəstəmaz vacibdir. Odur ki, şəxs suya yaxınlaşdıqda ürəyində niyyət etməlidir: "namaz qılmaq üçün dəstəmaz alıram, vacib qürbətən iləllah".

Niyyətdən sonra dəstəmaza belə başlayırıq:

* üzü yumaq - üz alnın tük bitən yerindən çənəyədək yuyulur;

* sağ əli yumaq - sağ əl dirsəkdən (qolun bükümündən) barmaqların ucunadək yuyulur;

* sol əli yumaq - sol əli də sağ əl kimi yuyuruq;

* başın məshi - sağ əlimiz yaş ikən təpədən alına sarı çəkirik;

* sağ ayağın məshi - yaş sağ əllə sağ ayağın üstünə çəkirik (baş barmaqdan ayağın ortasına qədər);

* sol ayağın məshi - yaş sol əlimizlə sol ayağımızın üzünə çəkirik (baş barmaqdan ayağın ortasına qədər).

 

Dəstəmaz almanın vacibliyi

- ibadətlə (namazla) əlaqədar;

- həcc zamanı (Kəbənin ətrafını dolanarkən);

- dəstəmaz almaq üçün and içilmişsə;

- Qurani-Kərimə əl basmaq üçün əhd edilmişdirsə (müqəddəs kitabın yazısına toxunmaq şərti ilə);

- Quran, Quranın vərəqi və yaxud da Quranın üstündə Allahın, Peyğəmbərin (s), imamların adları yazılmış kağızı çirkli yerdən götürmək istərkən.

Şəriətə görə dəstəmaz almanın şərtləri

Dəstəmaz üçün nəzərdə tutulan su pak olmalı və oğurluq, qəsbi su olmamalıdır. Qızıl və gümüş qaba doldurulmuş sudan dəstəmaz almaq qadağandır. Dəstəmaz almağa başlamazdan əvvəl şəriət tələb edir ki, ayaq yoluna getməyə ehtiyac vardırsa, bunu etmək lazımdır. Əgər biri dəstəmaz aldıqdan sonra onun şərtləri pozulmuşdursa, təkrar dəstəmaz alındıqdan sonra namaz qılına bilər. Əgər bir şəxs namaz qılarkən onda dəstəmaz alıb-almadığına şübhə oyanmışdırsa və o şübhə yəqin kimidirsə, onun namazı batil sayılır. O, ibadəti dayandırıb yenidən dəstəmaz almalıdır. Dəstəmaz alarkən Allah-Təaladan dua etməklə arzular diləmək olar.

 

 Ana səhifə >>>