Bizi "duyan" və "dərk" edən təbiət
İnsanla təbiət arasında harmoniyanın olması sübuta yetirilmiş bir həqiqətdir. Məhz bu harmoniyanın nəticəsidir ki, "tərəflər" bir-birlərinə tükənməz "həyat" bəxş etməkdədirlər. Əslində, bunları (insanla təbiəti) ayrılıqda təsəvvür etmək heç də düzgün sayılmaz. –ünki ilahi yaradılış elə əzəldən bu sayaqdır. Biz sadəcə bir həqiqəti nəzərə almalıyıq ki, insanlardan nə qədər fərqli olsa da, təbiətin demək olar ki, bütün canlıları (ağaclar, bitkilər, güllər, çiçəklər və s.) müəyyən hissiyata malikdirlər. Elə o səbəbdən də onlar bizi daha yaxşı "duyur" və "dərk" edə bilirlər. Və bu, dəfələrlə sınaqdan keçirilmiş, hər dəfə isə insanlar heyrətdə qalmışlar.
Allah-Təala yaratdığı hər bir canlının yaşam tərzini elə müəyyənləşdirmişdir ki, qarşılıqlı "münasibətin" müsbət yöndə olmadığı təqdirdə qeyri-ixtiyari tarazılıq itir, yəni nizam pozulur. Bu da son nəticədə insanın özünə ziyan gətirir.
Hər bitkinin öz sehirli xüsusiyyəti vardır və bu da onlar üçün mühüm həyati əhəmiyyət kəsb edir. Məsələn, küsdüm ağacının elə növü vardır ki, ona xəfifcə toxunduqda yarpaqlarını solğun və cansızmış kimi aşağı sallayır. Bu, necə deyərlər, bir növ müdafiə reaksiyasıdır. Həmçinin, küsdüm ağacları ona toxunmadan da sanki "obyekti" qabaqlayaraq cavab verməyə qadirdir. Bunun üçün hər hansı bir əşyanın ona sadəcə 2 sm məsafədə yaxınlaşması kifayətdir; toxunma hələ olmayıb, amma küsdüm bunu qabaqcadan duyaraq, yarpağını sallayır və adına uyğun şəkildə "küskün mövqe" nümayiş etdirir.
Hələ qədim zamanlarda bağban və bostançılar bitkilərlə əməlli-başlı "ünsiyyət" qurmağa müvəffəq ola biliblər. Bunun səmərəsiz qalmadığı da tarixdən bəllidir. Onlar bitkilərlə sadəcə "danışaraq", daha doğrusu, onları tərifləyib təqdir edərək məhsul bolluğuna nail ola bilmişlər. (Bu hal müasir dövrümüzdə də müşahidə olunmaqdadır). Ən maraqlısı isə odur ki, digərlərindən fərqli olaraq, "seçilmiş" adamlara bitkilər daha həvəslə "qulaq asırlar". Yəni insan nitqini "qavrayan" bitkilər dualara və müqəddəs sözlərə olduqca müsbət "cavab" verirlər. Bu da heç şübhəsiz ki, Allah-Təalanın saya-hesaba gəlməz hikmətlərindən biridir və bunun inkarını söyləmək ən azından insafsızlıq olardı.
Qurani-Kərim təbiətdəki müvazinətə diqqət çəkərək, insanlara xatırladır ki, (təbiəti təşkil edən) bütün ünsürlərin arasında ilahi bir bağlılıq vardır və bunlardan da bir ibrət dərsi almalıyıq. Elə buna görə də bizdən təbiətdəki hər bir ağaca, hər bir bitkiyə və s. xüsusi bir qayğı ilə yanaşmaq tələb olunur. –ünki insan Allah-Təalanın yer üzündəki xəlifəsidir və təbiəti ilahi əmanət kimi qorumağa borcludur. Peyğəmbərimiz (s) bir hədisində buyurur: "Hər kim boş, quru və şoranlıq bir yeri canlandırsa, o, bu əməlinə görə Allah tərəfindən mükafatlandırılar. İnsanlar və heyvanlar həmin yerdən faydalandıqca, oranı canlandırana sədəqə yazılar".
Peyğəmbərimiz (s) başqa bir hədisində belə buyurur: "Hər şəxs bir ağac əkərsə, o ağac meyvə verdikcə savabı ona yazılar".
Allah-Təala yaşadığımız bu aləmi yaradarkən onu ağaclar, bağ və baxçalarla, həm də qeyri-adi bir füsunkarlıqla (təbii ki, insanlar üçün) bəzəmişdir. Nəzərdən qaçırmayaq ki, müqəddəs kitabda "Bitkilər və ağaclar da səcdə edirlər" ayəsinin olması çox incə mətləblərdən xəbər verir. Burada ən vacib şərt ondan ibarətdir ki, insanlar təbiətə cansız mövcudat kimi yanaşıb, ona laqeyd münasibət bəsləməsinlər. Belə ki, təbiətdə mövcud olan və bizə adi görünən ən kiçik bitki də Yaradanın hökmü ilə vücuda gəlmiş və üzərinə düşən "vəzifələri" yerinə yetirməkdədir. Demək, ətraf mühiti göz bəbəyi kimi qorumaq insanların başlıca vəzifəsidir.
Lakin təəssüflər olsun ki, heç də hər zaman düşündüklərimiz kimi olmur. İnsan övladı obyektiv və subyektiv səbəblərdən təbiətə amansız divan tutur, ətraf mühiti kəskin şəkildə xarabazarlığa çevirməkdən sanki zövq alır. Halbuki təbiətdəki hər bir canlı birbaşa insanın özüylə təması üçün yaradılıb. Fəqət, bunu nəzərə almayıb, əks mövqe tutanda daha böyük fəsadlar baş verir ki, bu gün də onun ağrısını hamılıqla çəkməkdəyik. Və tətiət haqlı olaraq bizdən öz intiqamını alır... Təbiəti hamılıqla qorumağa borcluyuq. O səbəbdən ki, dünya hamımızındır və onu göz bəbəyi kimi qorumaq da hamımızın üzərinə düşən insani bir vəzifədir. Dünyamızın nizamını qoruyub saxlamaq, daha doğrusu, sağlam və firavan yaşamağımız üçün ayrı yolumuz yoxdur.