Cihad - hamıya gərək olan "silah"

 

Bizlərə çox şey gərəkdir. Amma di gəl ki, gərəksiz şeylərlə baş qatmağa, yəni özümüzü bilə-bilə aldatmağa daha çox aludəyik. –ünki çoxumuz zahirən müsəlmanıq. Amma həqiqətdə isə müsəlman-insan olmaq istəmirik; bir-birimizi aldatmamağı, kin-küdurətdən uzaq olmağı, saflaşıb ucalıq məqamına yüksəlməyi, daha dəqiq desək, haqqa beyət etməyi bacarmırıq. Əslində, heç istəmirik də.

Düzünə qalsa, indi bizə yalnız bircə şey gərəkdir ki, o da cihaddır. Və hamılıqla belə bir "silaha" əl atmağımıza əşədd-ehtiyac vardır: o səbəbdən ki, çirkablıqlar içində viranə qalmış qəlb evimiz büsbütün şeytan yuvasına çevrilməyə. Qəlb evi Allahın bizlərə ən böyük əmanətidir və onu qorumağı bacarmalıyıq - istəsək də, istəməsək də.

Ərəb sözü olan "cihad" lüğəti mənada cəhd etmək, çalışmaq deməkdir. Dini ədəbiyyatlarda buna qəzavat, vuruş da deyilir. Bir vaxtlar "cihad" dedikdə İslam dövlətinin hərbi vuruş əməliyyatları nəzərdə tutulurdu. Elə ona görə də qeyri-müsəlmanlar cihad elan olunmasını daim böyük təşvişlə qarşılamış və bundan hədsiz ehtiyat etdiklərini heç vaxt gizlətməmişlər. (–ağdaş günümüzdə də bunu müşahidə etməkdəyik). Yəni "cihad" sözünün hərfi mənası onlar üçün əsas mənaya çevrilərək əksər vaxtlarda "müqəddəs müharibə", "qəzavat" adı almışdır. Şeyx Şamilin başçılığı ilə rusların Qafqazdakı işğalçı siyasətinə qarşı aparılan müharibədə bu adlarla döyüş əməliyyatlarının keçirildiyi tarixdən də bəllidir.

IX-X əsrlərdən başlayaraq "cihad" məvhumu yeni məzmun kəsb edərək özünün ən yüksək forması olan "mənəvi cihad" anlayışını yaratmışdır ki, bu da "Allah yolunda möminlərin özlərini daxilən təmizlənməsi" anlamını ifadə edir.

İslamda cihadın əsasən dörd növü xatırlanır: ürək cihadı - insanın öz nöqsanlarına və pis adətlərinə qarşı mübarizə aparması; dil cihadı - xeyirli işlərə hökm verilməsi və şər işlərin qadağan edilməsi; əl cihadı - təqsirli cinayətkarlar haqqında cəza tədbirlərinə əməl edilməsi; qılınc cihadı - İslam dininin mövcudluğu naminə mübarizə aparılması.

İslamın əsas prinsiplərinə əməl edən şəxslər "fədai", yəni ideya naminə özünü qurban verən adlanır. "Fədai" dedikdə ilk növbədə sosial, sosial-dini, həmçinin milli azadlıq uğrunda mübarizə aparan şəxs nəzərdə tutulur. Və heç kəsə sirr deyil ki, bu cür mübarizələrdə, xüsusən də İslam yolunda həlak olanlara "fədai" və ya "şəhid" adı verilir.

Yaradana qovuşmanın ən yüksək məqamı şəhidlik sayılır. Əksər müsəlman ölkələrində milli azadlıq hərəkatının vüsət aldığı dövrdə cihad ideyalarından müstəmləkəçiliyə qarşı mübarizəni gücləndirmək üçün istifadə edilib və edilməkdədir. Məhz sovet hökumətinin Əfqanıstandakı işğalçı siyasətini (1979-1986-cı illər) mərd və cəsur əfqan xalqı cihada qalxıb mübarizə aparmaqla iflasa uğrada bildi və son nəticədə imperiya qoşunları böyük itkilər verərək geri çəkilmək məcburiyyətində qaldı.

Hədislərin birində xatırlanır ki, Peyğəmbər (s) Ühüd döyüşündən qayıdarkən iki cür cihadın - böyük və kiçik cihadın olduğunu söyləyir: "Din, vətən yolunda vuruş kiçik cihad - qılınc cihadıdır ki, öldürdük, öldürdülər və bununla da qurtardı. Ən əsası böyük cihaddır ki, bu da insanın öz daxilində olan mənəviyyatı (əqli) ilə "nəfsi-cihad" - ürək cihadıdır. Bu cihad zamanı insan öz daxilində haqq ilə nahaqq arasında mübarizə aparır; yaxşı əməlləri həyata keçirir, pis əməllərdən isə qurtulmağa çalışır".

Maraqlıdır ki, Peyğəmbər (s) öldürüb öldürməyə (kiçik cihada) deyil, insanı alçaqlıqlara sürükləyən nəfslə mübarizəyə (böyük cihada) daha xüsusi önəm verir. Əslində, torpaqları işğal altında olan məmləkət əhli kiçik cihada qalxmalı, birlik və bərabərlik nümayiş etdirərək düşmənə layiq olduğu yeri göstərməlidir. Fəqət, bunun üçün özünü bu torpağa bağlı sayan hər bir kəs ilk öncə özünə - nəfsinə qarşı cihada (böyük cihada) qalxmalı, kin-küdurəti, hiylə və riyanı, təkəbbür və ədanı qəlbindəcə öldürməli, bir sözlə, şeytana qucaq açıb, ona iç dünyasında isti yuva qurmamalı, yəni Allahın göstərdiyi, Peyğəmbərin (s) buyurduğu yolla gedərək, vətəndaş-insan kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Həqiqətən də daim vicdanın haqq səsini dinləyib ləyaqətli vətəndaş olmaq bəxtiyarlıq əlamətidir ki, hər kəs bu məqama yüksəlmək üçün həyatı boyu heyvani nəfsi ilə mübarizədə olmalıdır.

Nəfs insanı həmişə alçaltmış, onu rəzillik dərəcəsinə endirərək cəmiyyət içərisində gərəksiz bir varlığa çevirmişdir. Məhz nəfsin (oxu: ehtirasın) şiddətindəndir ki, bəzən kimlərsə ixtiyar yaşlarında belə "aşiqlik" istedadlarına baş vuraraq, bütün müsbət dəyərləri ayaqlar altına almaqdan da çəkinmirlər. Görünür, dünyanın faniliyindən danışıb, elə "dünya işləri" ilə ömür sürməyi hünər bilənlər yəqin İmam Sadiqin (ə) buyurduğu kimi, "dünyanın zahirinin yumşaq, batinin isə zəhərli ilana bənzədiyindən büsbütün bixəbərdirlər". –ünki dünyaya hədsiz bağlılıq onların bəsirət gözlərini həqiqət işığını görməkdən məhrum etmişdir.

Düzünə qalsa, özümüzlə cihad etmək, içimizi hər cür murdarlıqlardan təmizləyib özümüzə qayıtmaq başlıca amalımız olmalıdır. O səbəbdən ki, insan pak və müqəddəs varlıq olaraq yaradılmışdır. Peyğəmbərimizin (s) buyurduğu kimi, "hər bir müsəlman özünə qarşı böyük cihad elan etməli, şeytan fitnəsindən uzaq olmaq üçün ilahi göstərişlərə hər addımında əməl etməlidir".

 

Qadın cihadı ərlərinə itaətdir

 

Qadınlar analıq hissinə malik olduqlarına görə, kişilərə nisbətən övladın böyüyüb boya-başa çatmasında, təlim-tərbiyə işlərində həmişə ön cərgədə olmuşlar. Müqəddəs İslam dini də tövsiyə edir ki, qadınların haqq və hüquqları incəliklərinə qədər qorunmalı, onlara Allahın əmanəti kimi hörmət və ehtiram göstərilməlidir. Eyni zamanda, bu zərif məxluqların çiyinlərini ağır yük altına vermək, onları kişilərlə bərabər tutmaq yolverilməzdir.

Bəzən belə bir fikir səslənir ki, qadınlar da kişilərlə bərabər hərbi xidmətə getməli, əldə silah tutaraq döyüşlərdə iştirak etməlidirlər. Şəriət baxımından bunun nə dərəcədə düzgün olub-olmamasına diqqət yetirməyə çalışaq. İlk öncə qeyd edək ki, şəriət qanunlarına görə, qadınların əsgər getməsi və hərbdə iştirak etməsi düzgün sayılmır. Peyğəmbər kişilər üçün cənnəti qılıncların kölgəsində (Cənnət qılıncların kölgəsi altındadır), qadınlar üçün isə onların ayaqları altında (Cənnət anaların ayaqları altındadır) hesab etməsi eyni anlamı verir, yəni qadınlar daha zərif və incə məxluq olduqlarından onların hərbdə iştirak etmələri məqsədəmüvafiq bilinməmişdir. Əslində, etiraf olunmalıdır ki, qadınlar vətənin müdafiəsi üçün ən səmimi və ən çox çalışan insanlardır. Hələ Peyğəmbərin (s) zamanında qadınlar da İslam mücahidləri kimi döyüşlərdə iştirak etmiş, qazilik və ya şəhidlik məqamına yüksəlmişlər. Bununla bağlı maraqlı bir rəvayət də söylənilir. Hədisin məzmunu belədir: bir qrup qadın toplanaraq öz aralarından Peyğəmbərin (s) yanına nümayəndə göndərirlər. Nümayəndə qadın "cihad yalnız kişilər üçündür, yoxsa qadınlar da iştirak edib, sağ qalarlarsa qazi, ölərlərsə şəhid olub Allahın razılığını qazana bilərlər",- deyə Rəsuli-Əkrəmdən (s) soruşur. Cavabında Həzrəti Məhəmməd (s) buyurur: "Rastlaşacağın qadınlara mənim dilimdən belə söylərsən: ərinə itaət və onun haqqını etiraf etmək cihad qədər savablı bir işdir Amma çox heyf ki, siz qadınlardan buna əməl edənlər olduqca azdır".

Tarixdən bəllidir ki, yadelli işğalçılara qarşı müsəlman qadınları kişilərlə bərabər həmişə mübarizəyə qalxmışlar, yəni buna məcbur edilməmişlər. Peyğəmbərimiz (s) hədislərinin birində buyurur ki, "qadının cəbhədə savaşa qoşulması məcburi deyildir, fəqət, bu, onun heç də döyüşlərə qoşulmaması mənasını ifadə etmir".

İlahiyyat alimlərinin qənaətinə görə, əgər düşmən məmləkətin içərisinə doğru yürüyərsə və iş ölüm-dirim məsələsinə çatarsa, o zaman qadınlar da (ərləri və atalarının razılıq verib-verməməsindən asılı olmayaraq) hərbdə iştirak edə bilərlər. Hələ İslamın yayıldığı ilk dövrlərdən günümüzə qədər müsəlman qadınları həm ordular üçün dünyanın ən cəsur və mərd igidlərini yetişdirmiş, həm də zaman-zaman qanlı döyüşlərdə iştirak edib qazilik və şəhidlik mərtəbələrinə yüksəlmişlər.

Haşiyə: 1988-ci ildən başlayaraq ölkəmizdə milli oyanış hərəkatı geniş vüsət aldı. O zaman kişilərlə bərabər mayası vətən sevgisindən yoğrulmuş qadınlar da bu mübarizənin ön cərgəsinə qatılıblar. 1990-cı ilin 20 yanvar gecəsində, həmçinin Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıq dastanı yaradan qadınların adları bu gün dillər əzbəridir...

İllər ötdükcə qadınlara münasibət də dəyişməkdədir. İndi müsəlman qadını müxtəlif moda və gözəllik müsabiqələri sərgiləyənlər üçün bir növ "əyani" vasitəyə çevrilib. Görünür, qadınları ağlasığmaz çirkablıqlara sürükləyənlər Allah və bəşəriyyət qarşısında necə böyük günah işlətdiklərinin fərqində deyildirlər.

Hər şeydən öncə müsəlman qadını övladını İslam tərbiyəsi ilə böyüdüb boya-başa çatdırmalı, ona mübarizlik ruhu aşılamalıdır. Daha doğrusu, müsəlman qadının ən böyük cihadı namusunu qorumaq, İslamı öyrənmək və övladına öyrətmək, ərinin şəriət qayda-qanunlarına uyğun şəkildə qayğısına qalmaq, imanlı bir nəsil yetişdirməkdən ibarətdir. Onun cihad bayrağı öz imanı və yetişdirdiyi imanlı nəsillər olmalıdır.

 Ana səhifə >>>