Ümumbəşəri əbədi din - İslam

 

Ərəb dilindən tərcümədə "İslam" sözünün lüğəti mənası "təslim olmaq" deməkdir. İslam dini insandan Allahın iradəsinə və müqəddəs qanunlarına qeyd-şərtsiz təslim olmağı tələb etdiyi üçün ona bu ad verilmişdir.

Daha geniş mənada İslam insanın fitrətinə, təbiətinə və tutumuna uyğun şəkildə Allah tərəfindən onun üçün göndərilmiş etiqadi görüşlər, əxlaqi normalar və praktiki göstərişlər məcmusudur.

Qurani-kərimdə İslam dini barəsində belə buyurulur: "Şübhəsiz, Allah yanında din islamdır". (Ali-İmran, 19).

Bu gün artıq belə bir fikir formalaşmışdır ki, İslam VII miladi əsrdə Həzrət Məhəmməd peyğəmbər (s) tərəfindən təbliğ edilmiş tamamilə yeni təlimdir. Halbuki, bundan çox-çox əvvəl yaşamış Həzrət Adəm (ə), Nuh (ə), İbrahim (ə), Musa (ə) və İsa (ə) kimi peyğənbərlərin də dini təlimləri sırf əqidə bağımdan Məhəmməd peyğəmbərin (s) dini ilə eyni idi. Bütün peyğəmbərlər vahid Allaha imanı, özündən əvvəlki və sonrakı peyğəmbərlərə ehtiramı təbliğ ediblər. Lakin onların ölümündən sonra dinlərinin ilahi mahiyyəti, hətta bəzən adı da dəyişib: Musanın (ə) dini indiki iudaizm, İsanın (ə) dini isə xristianlıq formasına düşüb. Beləliklə, əslində Allah elçilərinin hamısının xalqa elan etdikləri və təslim olmağa çağırdıqları din (sırf etiqadi bağımdan) eyni olub. Fərq, şəriət adlanan ibadət əməllərinin yerinə yetirilməsində idi. Yuxarıda xatırlanan ayə də elə bu həqiqəti təsdiq edir. Lakin din yalnız əqidədən deyil deyil, həm də şəriət qanunlardan ibarət olduğu üçün, biz də bu yazıda "İslam" adı altında yalnız Həzrət Məhəmmədin (s) dinini nəzərdə tutacağıq.

İslam dini bəşəriyyət üçün xoşbəxtlik və qurtuluş manifestidir. O, istənilən cəmiyətdə istənilən insan fərdi üsün ən yüksək həyat şəraitini təmin edə biləcək ümumbəşəri əbədi dindir.

İslam dini həm böyük, həm də kiçik cəmiyyət, qadın və kişi, ağ və qara, qərbli və şərqli üçün eyni qüvvəlidir. Hər kəs bu dinin üstünlük və nemətlirdən faydalanıb öz ehtiyaclarını ödəyə bilər. İslam hümanist dindir və insanlığın bütün problemlərinin həllinə çalışır. İslam dininə görə, bütün isanlar böyük bir aləmin bərəbər üzvü kimidilər.

Uzun müddət İslamı öyrənmiş və onu yeganə kamil din hesab etmiş məşhur alman şairi Höte (1749-1832) yazırdı: "Əgər İslam Allahın iradəsinə təslim olmaqdısa, deməli, biz hamımız İslam əqidəsi ilə yaşayır və onunla də fani dünyadan köçürük. İslam elə bir dindir ki, Məhəmməddən (s) əvvəlki peyğəmbərlər də onun müjdəsini vermişlər".

Bernard Şou (1856-1950) "Məhəmməd (s) - Allahın elçisi" əsərində yazırdı: "Mən həmişə Məhəmmədin (s) dininə, malik olduğu möcüzəli həyat gücü və enerjiyə görə dərin ehtiram bəsləmişəm. Mənim fikrimcə, İslam taleyin cürbəcür fitnələrini və sivilizasiya fərqlərini dəf etmək yolunda uğur qazana bilən yeganə dindir. Mən qabaqcadan görürəm ki, (bu, artıq bu gün də aydındır) avropalılar bir-birinin ardınca İslam dinini qəbul edəcəklər".

Tarix bu müdrik şəxsiyyətlərin sözünün həqiqliyini sübüt etməkdir.

 Ana səhifə >>>