Namazda "bərabərlik əmsalı"

 

İnsanla Allah arasında ən təsirli rabitə vasitəsi olan namazın ilahi məziyyətləri haqda ötən yazılarımızda bəhs etmişdik. Və xüsusi olaraq vurğulamışdıq ki, dinin əsas sütunlarından sayılan namaz ilahi hökm olduğundan hər bir müsəlman əsla tərəddüd etmədən bunu icra etməyə borcludur. –ünki "ötürmə" və "alma" yalnız namazla mümkünləşə bilər. Yəni bəndə istək və arzularını məhz namaz vasitəsi ilə Allaha çatdırmağa, həmçinin bunun müqabilini (savabını) Ondan almağa müvəffəq ola bilir. Amma hazırki dövrdə əsasən namaz xatirinə namaz qılmaq daha çox dəbdə olsa da, bunun heç bir faydasının olmayacağı həm Quran ayələrində, həm də İslam rəhbərlərinin hədislərində açıq-aydın göstərilib.

Namaz qılmayanın bu ibadət formasına yanaşması bir qədər fərqli ola bilər. Amma zahirdə özünü mömin bəndə kimi göstərməyə çalışanların namaz vaxtı etdiyi "improvizələr", həmçinin onların namazdan əvvəl və sonra fərqli və fərdi şəkildə "cövlan" etmələri heç cür başa düşülən deyil. Bəzən də fikirləşə bilərik ki, gün ərzində beş vaxt namaz qılmaqla Allah qarşısındakı borcumuzu yerinə yetirmiş oluruq. Halbuki, bu, heç də belə deyildir. Namaz qılan şəxs hər şeydən əvvəl bilməlidir ki, onun ibadəti (qıldığı namaz) şərti olaraq cismani mahiyyət kəsb etsə də, əslində tam surətdə ruhi-mənəvi olmalıdır. Yəni bədəni hərəkətə gətirməklə "namaz qıldım",- deyə düşünmək büsbütün yanlış mövqedir. İnsan başlıca olaraq ruhən (daxilən) səcdə halında olmalıdır. Əgər hər hansı bir şəxs daxilən ibadət (səcdə) etməyi bacarmırsa, o zaman onun qıldığı (cismani) namaz da elə havadaca itib gedəcəkdir. Daha doğrusu, özünə fəna yerə əziyyət vermiş olacaqdır.

Hər kəsin bu dünyada öz günah payı vardır və "günahsız insan" olmanın mümkünlüyünü düşünmək də ağılsızlıq olardı. Amma gərəkdir ki, namaz qılan şəxs özünü bütün çirkablıqlardan (sonrakı böyük günahlardan) qorumağa çalışsın. Əks halda, günahla savab arasında elə bir "bərabərlik əmsalı" yaranacaqdır ki, bunun da nisbəti "vaxt itkisi"ndən savayı bir şey olmayacaqdır. Məhz ona görə də namazda "ikilik" anlayışı qəbulolunmazdır. Məsələn, birisi həm namaz qılır, həm də haramdan gözlərini çəkə bilmir. Belədə, əlbəttə ki, bunu ibadət olaraq qəbul etmək sadəlövhlük olardı. Fərqi nədir ki, bunu harda edirik; istər məsciddə olsun, istərsə də kənarda. Onsuz da bizi bizdən yaxşı tanıyan Allah-Təala hər işimizdən xəbərdardır.

 Ana səhifə >>>