Axirət aləmi haqda

 

Bir çoxları soruşur ki, ölümdən sonrakı həyat da yaşadığımız bu dünya kimidir, yoxsa onların arasında hansısa fərqlər vardır? Suala cavab olaraq "müqayisə edilməz dərəcədə" söyləsək, heç yəqin ki, bir qədər bəsit səslənər. Baxmayaraq ki, bu, belədir, yəni bu dünya ilə o dünya (axirət) bir-birindən tamam fərqlidir. Lakin ölümdən sonrakı həyat haqqında tam anlayış olmadığından, daha doğrusu, "pərdə"nin o üzünü görə bilməmək səbəbindən sualın cavabı bir qədər gurultulu səslənə bilər. Suala tam cavab almaq üçün ana bətnindəki uşaqdan dünyadan xəbərsiz ola-ola dünya haqqında məlumatlar istənilməsi ilə müqayisə etməyə çalışaq.

Səmavi kitablardan məlum olur ki, o dünya ilə bu dünya arasında həddən artıq fərqlər vardır. Və ilk öncə onu da xatırladaq ki, bu dünyada Qiyamət haqqındakı məlumatımız uzaqdan görünən qaraltı kimidir. Qaraltıda isə nəyisə ayırd etmək olduqca çətin bir işdir. Elə ana bətnində olan uşaq da doqquz aylıq müddətdən sonra yaşayacağı dünyadan tamam xəbərsiz olur. Halbuki, o, vaxtın tamamında dünyaya gələcək, həmin dünya haqqında heç bir anlayışı yoxdur və ondan bu haqda soruşularsa, bunu mümkünsüz sayacaqdır. Göründüyü kimi, ana bətni ilə bu dünya arasında nə qədər fərq varsa, eləcə də dünya ilə axirətin arasında da bir elə fərq vardır.

Bir daha qeyd edək ki, əgər ana bətnindəki körpənin ağıl və düşüncəsi olsaydı və fikirləşib onda (dünyada) olanları təsəvvürünə gətirmək istəsəydi, şübhəsiz, buna imkanı və qüdrəti yetməzdi. Qərar tutduğu və gördüyü yer yalnız ana bətni olan körpə üçün dünyanı, onun Günəşini, ulduzlarını təsəvvür etmək, əlbəttə, mümkün deyil. Axirətlə bu dünyanın fərqi də məhz bu qədər, hətta bundan da artıqdır. Buna görə də istər cənnət nemətlərini, istərsə də cəhənnəm əzablarını olduğu kimi təsəvvürə gətirmək mümkünsüzdür. Gəlin bu barədə axirət aləminin təsəvvürünü verən bir hədisə müraciət edək: "Cənnətdə elə nemətlər var ki, onları nə bir göz görmüş, bu haqda nə bir qulaq eşitmiş, nə də onlar heç kimin ağlına belə gəlməmişdir".

O dünyada olan qayda-qanunlar da bu dünyanın qayda-qanunlarından köklü surətdə fərqlənir. Nümunə olaraq bunu deyə bilərik ki, həyatda şahidliyi insanın özü (dili) etdiyi halda, Qiyamət məhkəməsindəki şahidlər insanın öz bədən üzvləri, hətta üzərində günah, yaxud savab etdiyi yerlər olacaqdır. Müqəddəs Quran ayəsini buna sübut kimi gətirmək olar: "Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər". (Yasin, 65).

Düzdür, bir vaxtlar var idi ki, bunları qəbul etmək adama bir az çətin və həm də qəribə gəlirdi. Lakin elmin inkişafı sayəsində bəzi səhnə və səslərin lentə alınması kimi nümunələri müşahidə etməklə daha heç bir təəccüb yeri qalmır.

Axirət aləminin nemətləri, əzabları haqqında geniş və ətraflı məlumatlarımız olmasa da, bunu bilirik ki, oranın nemət və əzabları həm insanın cisminə, həm də ruhuna aiddir. –ünki məadın (öldükdən sonra axirətdə dirilmənin) iki cəhəti vardır; ruhani və cismani cəhətlər. Məhz bu əsasa görə, tam qətiyyətlə demək olar ki, nemət və əzablar da iki cəhətli olmalıdır.

Qurani-Kərim cismə aid olan axirət nemətləri haqda buyurur: "İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver, onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. Onlar üçün orada hər cəhətdən pak olan zövcələr də var. Onlar orada əbədi olaraq yaşayacaqlar". (Bəqərə, 25).

Mənəvi və ruha aid olan nemətlər haqda isə buyurulur: "Allahdan olan bir razılıq (cismə aid olan nemətlərin hamısından) daha böyükdür". (Tövbə, 72).

Bütün bu deyilənlərdən bir daha aydın olur ki, cənnətdəkilər Allahın onlardan razı qaldığını hiss etdikdə, o dərəcədə xoşhal olacaqlar ki, bunu heç bir nemətlə müqayisə etmək mümkün olmaz.

Cəhənnəm əhli üçün cismani əzablardan əlavə, Allahın onlardan razılığı hər əzabdan artıq olacaq. Şübhəsiz ki, bu da onların ruhunu həddən ziyadə əziyyətə salacaqdır.

Maraq doğuran və diqqəti özünə cəlb edən məsələlərdən biri də Qiyamətdə insanın gördüyü əməllərin (şahidlik etmək üçün) dirilməsi, qayıtmasıdır. Bunu Qurani-Kərimin bir çox ayələrində də görmək mümkündür. İnsanların mükafatlanması və günahların ortalıqda olmasında əməllər böyük rol oynayacaq. Onu da diqqətə çatdırmaq istərdik ki, buna azacıq da olsa, şübhə ilə yanaşmaq Allahın varlığını şübhə altına almaq kimi başa düşülməlidir. –ünki bütün bunları müqəddəs səmavi kitab olan Qurani-Kərim buyurur.

Görünür, "nə varsa elə bu dünyadadır" deyənlər necə bəsit düşündüklərinin və nə qədər yanıldıqlarının fərqində deyildirlər. Onlar belə bir düşüncə ilə maddi dünyaya daha çox bağlanır, yaxşı işlər görməyə (axirət savabı qazanmağa) bir elə də maraq göstərmirlər. Onların düşüncəsinə görə, axirət (Qiyamət, ölüb-diriləmə, cənnət, cəhənnəm və s.) boş bir əfsanədir. Lakin heç bir vəchlə inanmaq istəmirlər ki, yaşadığımız dünya müvəqqəti yaşayış məskənindən savayı bir şey deyildir. Halbuki, axirət (o dünya) əzab və iztirab planetindən - Yerdən hər mənada yüksəkdədir.

Qurani-Kərimdə buyurulur ki, yaşadığımız fani dünya axirətin əkin yeridir. Yəni burada "əkdiklərimizi" axirətdə "biçəcəyik". Təbii ki, hərə öz əkdiyini biçəcək...

Hacı Nasir

 Ana səhifə >>>