Alın yazısı: insan faili muxtardırmı?

 

Maraq doğuran sualdır: əgər alın yazısı varsa və insanın keçəcəyi həyat yolu lövhi-məhfuzda (ilahi dərgahda) yazılıbsa, həmçinin Qurani-Kərim də bunu qətiyyətlə təsdiqləyirsə, o zaman (pis və ya yaxşı əməllərə görə) yaradılmış bəndəni qınamaq (o dünyada - axirətdə onu sorğu-suala çəkmək, əməllərinə görə cənnət, yaxud da cəhənnəmə göndərmək) nə dərəcədə məntiqlidir?

Sualın bu sayaq qoyuluşu bəlkə də küfr sayıla bilər, lakin bu, ilahi dərki qavramaq baxımından heç də Allahın "işinə" qarışmaq kimi başa düşülməməlidir.

Qurani-Kərimdə buyurulur ki, insan faili-muxtar, yəni hal və hərəkətlərində azaddır. Burada ilkin olaraq belə qənaətə gəlmək olar ki, insan bütün hərəkət və davranışlarında tam sərbəstdir. Lakin bu, heç də belə deyildir. Əslində, faili-muxtarlığı tam anlamda deyil, yalnız müəyyən "hədd" daxilində qəbul etmək daha düzgün olardı. Bu zaman ortaya yeni bir sual da çıxır: bəs faili-muxtarlıqla alın yazısı arasındakı fərq nədədir, yaxud da əgər alın yazısı mövcuddursa, o zaman faili-muxtarlıq nə deməkdir? Yəni hansısa birinin pisin pisi olacağı onun "ömür kitabı"nda yazılıbsa, o şəxsin yaxşının yaxşısı olacağı nə dərəcədə faili-muxtarlıqla mümkün ola bilər?

Allah kəlamına diqqət yetirək: "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu (yəni insanı-red.) yaratmamışdan əvvəl lövhi-məhfuzda yazılmamış olsun...". (Hədid, 28).

Göründüyü kimi, Qurani-Kərim açıq-aşkar dəlilərlə bizlərə anladır ki, insanın "keçəcəyi" ömür yolu Allah-Təala tərəfindən öncədən müəyyənləşdirilib. Elə isə "Biz insanı faili-muxtar yaratdıq..." ayəsini necə başa düşək?

Maraqlıdır, əgər insan yaradılmazdan öncə başına gələcək hər hansı bir müsibət onun üçün lövhi-məhfuzda, həm də ayrıca bir "qovluqda" yazılıbsa, o zaman (həmin şəxsin) faili-muxtar olmasını necə qəbul edə bilərik? Şübhəsiz, burada müəmma deyil, ilahi bir sirr vardır ki, tam açıqlanması (bəlkə də) hansısa zaman kəsiyində mümkün ola bilər...

Tanınmış ilahiyyatçıların qənaətinə görə, insanın faili-muxtarlığı onun hər hansı bir işdə qarşısında duran iki yoldan (yaxşı və ya pisdən) birini seçməsindədir. Və bunu misal olaraq çox vaxt İmam Hüseynin (ə) Kərbəla müsibətindən öncə tutduğu mövqe ilə izah etməyə çalışırlar.

Kərbəla vaqeəsi zamanı İmam Hüseynin (ə) iki yolu var idi: ya Yezidə beyət (onun hakimiyyətini qəbul) edib və nəticədə cismani ömrünü uzatmaqla İslama ən sarsıdıcı zərbə vurmalı, ya da zalımın zülmü qarşısında baş əyməyərək, şəhidlik şərbətini içib qəhrəmanlıq tarixini yazmalı idi. İmam ikinci yolu seçərək faili-muxtarlığın məhz onun alın yazısı ilə bağlı olduğunu təsdiqləyir.

Peyğəmbərimizin (s) ömür yolundan bəhs edən bir çox səhih hədislərdə buyurulur ki, Rəsuli-Əkrəm (s) hələ meracda olarkən orada ona gələcəkdə bəzi olacaqlar haqda bitkin məlumatlar çatdırılıb. Bu məlumatlar içərisində onun sevimli nəvəsi İmam Hüseynin (ə) ömrünün müəyyən vaxtında Kərbəla çölündə şəhid olacağı da yer tutur. Peyğəmbər (s) bunu yaxın səhabələri yanında dəfələrlə dilə gətirmiş, hətta yazılanlara görə, hər dəfə balaca Hüseynin (ə) boğazından öpər və qəhərlənərmiş. Səbəbini ondan soruşduqda cavab verərmiş ki, sevimli nəvəsinin zalımlar tərəfindən başının kəsilməsi nəticəsində şəhadətə yetişəcəyi ilə bağlıdır...

İmam Hüseyn (ə) babasının bir vaxtlar dediklərini Aşura gecəsi səhabələri qarşısında etdiyi tarixi bir çıxışında da təsdiqləyir: "...Babam Rəsulullah xəbər vermişdi ki, mən İraqa dəvət olunacağam, Neynəva (Kərbəla) adlı bir yerdə düşərək orada da şəhadətə yetişəcəyəm. İndi həmin şəhidliyin vaxtı gəlib çatmışdır...".

İmamın (ə) həmin gecə gördüyü yuxu da böyük maraq doğurur. Bu haqda "Nəfsul-məhmum" əsərinin müəllifi Sədduq yazır: "...Aşura gecəsinin son saatlarında İmam mürgülədi. Oyandıqda səhabələrinə xitabən buyurdu: "Yuxuda gördüm ki, bir neçə it mənə hücum edir və onların ən qorxulusu ağ-qara rəngli it idi. Bu yuxu onu göstərir ki, alaca xəstəliyi olan bir şəxs mənim qatilim olacaq. Sonra Allah Peyğəmbərini (s) dostları ilə birgə gördüm. O, mənə buyurdu: "Sən bu ümmətimin şəhidisən. Göylərin və ən uca ərşin sakinləri sənin gəlməyini bir-birinə müjdə verir. Sən bu gecə iftara mənim yanımda olacaqsan. Tələs və ləngimə...".

Bütün bunları təhlil edərkən bu qənaətə gəlmək olar ki, İmam Hüseynin başına gələcəklər və onun faili-muxtarlıqda seçəcəyi yol lövhi-məhfuzda yazılmış pozulmaz ilahi buyruqlarmış. O səbəbdən də İmam (ə) birinci yolu istəsəydi belə, yenə seçə bilməzdi, daha doğrusu buna qüdrəti yetməzdi. Əgər belə olsaydı, o zaman Peyğəmbərimizin (s) bir vaxtlar buyurduqları yalana çıxardı və təbii ki, bu da mümkün olası bir iş deyildi. Demək, İmam Hüseynin (ə) burada əks qərar çıxarması qeyri-mümkünlüyə çevrilir.

Belədə, yeni bir sual ortaya çıxır: əgər hal və hərəkətlərimiz bizdən asılı deyildirsə, bəs faili-muxtarlığı hansı məqamda "xərcləməli" oluruq? Qənaətimizə görə, insanın başına gələcəklər (yaşam tərzi) onun cövhərində - ruhunda "möhürlənib". Bunu "silmək", daha dəqiq desək, yazılmış qanunların "əhatə dairəsindən" çıxmaq, yəni mütləq mənada faili-muxtar olmaq qeyri-mümkündür. Əslində, faili-muxtarlığı yalnız alın yazısının çevrəsindən, həm də qazanılmalı olan (pis və yaxşı) əməllərə görə məsuliyyət ölçüsü kimi qiymətləndirmək daha düzgün olar.

Bəs faili-muxtarlıq nədir? Bunu izah etmək üçün yenə də Kərbəla vaqeəsinə qayıdaq. İmam Hüseyn (ə) Aşura gecəsində etdiyi çıxışında sabahı gün şəhid olacağını söyləyib. Bu, heç şübhəsiz ki, babası Rəsulullahın (s) bir vaxtlar ona xatırlatdığı alın yazısı idi ki, bundan əsla qaça bilməzdi. Və şəhidlik şərbətini içib Yaradanına qovuşmalı idi.

Aşura gecəsindəki həmin çıxışında İmam (ə) səhabələrinə daha sonra belə buyurub: "...Hər biriniz mənim ailə üzvlərimdən birinin əlindən tutub gecənin bu qaranlığından yararlanaraq öz şəhərinizə, diyarınıza hərəkət edib, canınızı qurtara bilərsiniz. –ünki düşmən yalnız məni izləyir. Əgər tuta bilsələr, başqaları ilə işləri olmayacaq...".

Göründüyü kimi, İmam Hüseyn (ə) son məqamda öz ölümünü məqbul saydığı halda, yaxınlarının ölümdən qurtulmalarını, onların təhlükədən uzaq olmalarını istəyir. Halbuki, o, bunu etməyə də bilərdi. Yəni bu hərəkətində İmam Hüseyn (ə) faili-muxtar idi. Elə faili-muxtarlığı da məhz bu anlamda qəbul etmək daha düzgün olardı...

Bunlar faili-muxtarlıqla bağlı bizim gəldiyimiz subyektiv qənaətlərdir. Həqiqəti isə yalnız Allah bilir. IV-V yüzillikdə yaşamış filosof Avqustinin sözləri ilə desək, "...insan ruhu da öz bədənini, yəni bu qaranlıq zindanı tərk edəndən sonra həmin o həqiqətə sahib olacaq".

 Ana səhifə >>>